Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" 22-ci turda "Eczacıbaşı" klubunu qəbul edib.

Görüş voleybolçumuzun komandası üçün uğursuz olub. Meydan sahibləri  çempionatda heç məğlub olmayan yeganə komanda qarşısında ciddi müqavimət göstərə bilməyiblər. 3 set davam edən qarşılaşmada Polina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (15:25, 16:25, 18:25).

Komandasının xalsız qaldığı oyunda milli voleybolçumuz yalnız 3-cü hissədə meydana çıxsa da, hamıdan çox fərqlənib. Rəhimova qonaqları 11 dəfə məyus etməklə komandasının ən məhsuldar voleybolçu olub. O, bu xallardan 10-nu hücumda, 1-ni isə blokda qazanıb.