Rəhimova komandasına qələbə qazandırdı
- 06 Mar 2023 10:09
- 398
Türkiyədə qadın voleybolçuların çempionatı fevralın 6-da baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar yaranmış uzun fasilədən sonra yenidən start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın formasını geyindiyi "Kuzeyboru" 18-ci turda "Bolu BLD" klubu ilə üz-üzə gəlib.
Aksarayda baş tutan görüş hücumçumuzun komandasının üstünlüyü ilə keçib. Polina və rəfiqələri 3 set davam edən matçda qonaqları quru hesabla məğlub ediblər - 3:0 (25:17, 25:21, 25:20).
Komandasının çətinlik çəkmədiyi oyunda milli voleyboloçumuz 2-ci hissədə meydana çıxıb. Bununla belə, o, rəqibi 17 dəfə məyus etməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallarda 13-nü hücumda, 2-ni blokda, 2-ni isə eyslə qazanıb.
Qeyd edək ki, "Kuzeyboru" bu qələbə ilə xallarının sayını 22-ə çatdırıb. Komanda turnir cədvəlində hazırda 9-cu pillədədir.