Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" birincilikdəki son matçında "PTT" klubunu qəbul edib.

Görüş qonaq komandanın üstünlüyü ilə keçib. Son oyunlarda xalsız məğlub olan "Kuzeyboru" bu dəfə də eyni aqibəti yaşayıb. 3 set davam edən bu matçda Polina və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (19:25, 21:25, 23:25).

Aksaray təmsilçisinin son oyununda milli voleybolçumuz möhtəşəm çıxış edib. Rəhimova qonaqları 19 dəfə məyus etməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. O, bu xallardan 17-ni hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb.

Beləliklə, bu oyunda da xalsız qalan "Kuzeyboru" çempionatı 27 xalla 10-cu pillədə başa vurub.