Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" 20-ci turda "İlbank"la üz-üzə gəlib. 

Görüş gərginliyi ilə yadda qalıb. Voleybolçumuzun komandası doğma meydanda keçirilən matçda azarkeşlərini sevindirə bilib. 3 set davam edən oyunda Polina və rəfiqələri quru (3:0, 29:27, 25:23, 25:23) hesabla qələbə qazanıblar.

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə 4 dəfə fərqlənib. O, bu xallardan 3-nü hücumda, 1-ni isə blokda qazanıb.

Qeyd edək ki, Aksaray təmsilçisi bu qələbə ilə xallarının sayını 27-yə çatdırıb. Komanda hazırda turnir cədvəlində 8-ci yerdədir.