Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" 23-cü turda "Nilüfer BLD" klubunun qonağı olub.

Səfər görüşü voleybolçumuzun komandası üçün pis keçib. 3 set davam edən matçda Polina və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (26:28, 21:25, 15:25).

Komandasının xalsız qaldığı qarşılaşmada milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə 8 dəfə fərqlənib. O, bu xalların hamısını hücumda qazanıb.

Qeyd edək ki, "Kuzeyboru" 27 xalla turnir cədvəlində 10-cu yerdədir.