Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyədə yeni sezonda ilk rəsmi qarşılanmasına çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi və A qrupunda mübarizə aparan "Kuzeyboru" Axa Sigorta Kupa Voleyə qələbə ilə başlayıb.

Kubok uğrunda yarışın qrup mərhələsində voleybolçumuzun komandası ilk olaraq "Sigorta Shop" klubu ilə üz-üzə gəlib. Gərgin keçən görüşə Polina və rəfiqələri yaxşı başlayıblar və ilk iki seti qalib başa vurublar. Lakib rəqib bundan sonra təşəbbüsü ələ alıb və növbəti iki hissəni aktivinə yazdırıb. Matçın taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan "Kuzeyboru" rəqibinə heç bir şans verməyib. 5 set davam edən qarşılaşmada hücumçumuzun komandası 3:2  (29:27, 25:21, 14:25, 21:25, 15:6).

Voleybolçumuz möhtəşəm oyunu ilə yadda qalıb. Belə ki, Rəhimova 32 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub.  O, bu xallardan 27-ni hücumda, 3-nü blokda, 2-ni isə eyslə qazanıb.