Reklamlar bitdi... iş görmək lazımdı!
- 26 Sen 2022 11:24
- 1550
Millətlər Liqasının hansı səviyyədə yarış olduğunu görmək üçün orda qeydə alınan nəticələrə baxmaq kifayətdi. Türkiyə millisi Bursanın bir rayonundan da kiçik olan Farer adalarına məğlub olub. Bu turdan əvvəl isə qardaş türklər evdəki qarşılaşmada digər “cırtdan” Lüksemburqun müqavimətini qıra bilməyib, bərabərliyə razılaşdı. İngiltərə millisi öz qrupunda sonuncu olmağı “təmin edib”. Fransızlar yer aldıqları qrupda müqavimətsiz təslim oldular, yuxarı yerlərə heç boylanmadılar da. Xorvatiya millisinin üzvü Luka Modriç hələ aylar öncə UEFA-ya qarşı etiraz səsini ucaltmış, Millətlər Liqası səbəbindən futbolçuların yükləndiyini, əlavə turnirə ehtiyac olmadığını bildirmişdi.
Mən bütün bunları qeyd etməklə Azərbaycan millisinin qazandığı qələbələrə kölgə salmaq istəmirəm. Bəli, futbolçular meydanda tərk töküb, zəhmət çəkib və hər gün qazana bilmədiyimiz hesabla azarkeşləri qələbəyə sevindirib. Sağlıqlarına qismət, eşitdiyimə görə, Slovakiya və Qazaxıstan üzərində qələbə millinin əsas heyət üzvlərinə təxminən 50 min manat mükafat qazandıracaq. Yetərincə yaxşı məbləğdi. Nə verənin əlində gözümüz var, nə də alanların cibində. Ümid edirəm ki, illər sonra indiki milli üzvlərinin hansısa mətbuatı çıxıb, “mükafatı alandan sonra zəng edib dedilər ki, pulun yarısını qaytarmalısan” etirafıyla gündəmi silkələməyəcək. Bizim futbolda belə biabırçlıqları az görməmişik. İllərdi ki, belə hadisələrə şahidlik edirik. AFFA kimlərinsə quyruğunu qapı arasından xilas edən aldadıcı qələbəyə görə futbolçulara külli miqdarda mükafat paylayır, sonra da bu puldan pay götürmək istəyən işbazların əməlləri ortaya çıxır.
Pul söhbətini bir kənara qoyaq, qayıdaq futbola. Daha doğrusu, həmin o pulların daha faydalı istiqamətdə xərclənməsinin vacibliyindən danışaq. Sizin də yadınızda olar, hər dəfə Berti Fotqsun müqaviləsinin sonuna yaxın millimiz bir-iki oyunda xal qazanırdı, AFFA da dərhal almaniyalı qocanın müqaviləsinin müddətini uzadırdı. Deyirdilər ki, düzgün yoldayıq, inkişaf edirik, görülən işi yarıda qoymaq olmaz. Hanı o işlərin nəticəsi, hanı yetişdirdiyimiz futbolçular? Yoxdu. Xorvatiyalı Ozobiç, dağıstanlı Şahruddinlə Bədavi, braziliyalı Almeyda, rusiyalı Aleksey, İspaniyadan dadımıza çatan Eddi, əli Almaniya millisinə çatmayan Rinat, İranda heç kimə lazım olmayan Höccət. Yaxşı ki, rusiyalı uşaq məşqçiləri bizim üçün Ramillə Emini yetişdirib, onların da yanına Qəbələ Futbol Akademiyasının üzə çıxardığı istedad Bəhlulla Elvini qoyub, ortaya komanda çıxara bilirik. Adamın bu komandaya milli deməyə heç dili də gəlmir.
Bu futbolçuların fərdi ustalığı, rəqiblərin motivasiyasılığı sayəsində qələbəyə sevinən Canni De Byazi də sonra mətbuat konfransında bizə meydan oxuyur. Hünərin vardı, Lüksemburqu udaydın, sinyor. Dünya çempionatının seçmə mərhələsində başımıza gətirilənləri unutmamışıq. Unuda da bilmərik. FİFA-nın reytinq cədvəlindəki yerimiz, futbolumuzun hazırkı səviyyəsi, milli komandanın formasını geyinənlərin adları acı mənzərəni ortaya qoyur. Nəticəsi heç nəyi həll etməyən oyunlarda qələbə qazandınız, mükafatınızı aldınız, doyunca sevindiniz, özünüzü reklam etdiniz. Bura qədər kifayətdi. Oktyabrın əvvəlini gözləmədən De Byazini və köməkçilərini yola salın. Özünüreklamla məşğul olduğunuz yetər, iş görməyə başlayın!