"Uğursuz çıxışdan sonra dünya çempionatına getmək şansımızı itirmişdik. Amma indiyədək seçmə mərhələdə yaxşı oyun sərgiləmişik. 2016-dakı uğuru təkrarlamaq və bu böyük turnirin həyəcanını yenidən yaşamaq istəyirik".
 
Rekord.az-ın “Telegraph” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri  Uels yığmasının yarımmüdafiəçisi Aaron Remsi Avro-2020-nin seçmə mərhələsində Bakıda millimizi məğlub etdikləri oyun (2:0) haqda danışarkən deyib.

O, Azərbaycanla oyunun Avropa çempionatına vəsiqə yolunda çox vacib olduğunu deyib:
“Qazanmaq üçün hər şeyi etdik. Azərbaycan kimi ölkələrə səfərdə oynamaq həmişə çətin olur. Xorvatiya Bakıya getdi və xal itirdi. Bu səbəbdən Bakıdakı oyunun nə qədər çətin olacağını bilirdik”.

Qeyd edək ki, Britaniya təmsilçisi yığmamıza 2:0 hesabı ilə qalib gələrək qitə birinciliyinə vəsiqə şansını artırıb. Uels son matçda sabah Macarıstan üzərində qələbə qazanarsa, qrup ikincisi kimi, Avropa çempionatına yollanacaq.