“Rəqibə heç bir şans vermədik” - Vaqif Cavadov
- 21:44
- 29
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşdıqları “Araz-Naxçıvan”la oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, qolsuz heç-heçəni belə şərh edib:
“Yaxşı oyun oldu. İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penaltini yerinə yetirə bilmədik. Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm.
Birinci hissədə demək olar ki, rəqibə heç bir şans vermədik. “Araz-Naxçıvan” elə-belə ikinci pillədə qərarlaşmayıb. Ancaq bizdə elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda 6-cı yerdəyik. İnşallah ki, xallar toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik.
Futbolda bir termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Bəlkə də 5 oyundur qol vura bilmirik, amma xallar qazanırıq. Bütün oyunlar vacibdir. Həm çempionatın favoritlərinə, həm də autsayderlərinə qarşı mübarizə aparırıq. Çalışacayıq ki, növbəti həftə də 3 xalı qazanaq.
Komandanın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdı. Oyundan-oyuna fərq var. Amma biz həmişə qalib gəlmək istəyirik. Futbolçularıma da bunu aşılaşmışam. Bugünkü oyunla bir daha sübut etdik ki, “Sumqayıt” yaxşı, dominant futbol oynayır. Hesab istədiyimiz kimi olmasa da belə bir rəqibə qarşı 1 xal qaneedicidir”.