“Çox keyfiyyətli komandaya qarşı oynayacağıq”.


Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Olimpik” (Lion, Fransa) oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.


52 yaşlı mütəxəssis komandanın sabahkı görüşə hazırlığını dəyərləndirib:


"Vacib oyundur, pis hazırlaşmamışıq. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək və uğurlu çıxış edək. Rəqibin heyətinə baxmışıq. Özümüzlə bağlı müəyyən sual doğuran məsələlər var. Böhran oldu-olmadı, istənilən komandaya qarşı hazırlaşırıq. Bu cür klubların maliyyə böhranının yoluna qoyulmasında problem görmürəm. Böyük klublarda da böhran olur. Məncə, belə fikirlərdən uzaq olmaq lazımdır".


O, mümkün qədər diqqətli olmağın vacibliyini vurğulayıb:


"Hər komandanın üstün cəhətləri var. Bəzi detallar baxımından belə rəqiblərə qarşı diqqətli olmalıyıq. Hücum planımızda əlavə fikirlər ola bilər. Bu, oyunun gedişatından asılı olacaq. Bir rəqib haqqında çox məlumat verməyi xoşlamıram. Ən böyük gücümüz kollektiv oyuna üstünlük verməkdir. "Olimpik" bizdən üstün görünür, daha böyük klubdur. Amma bizim də Avropada böyük təcrübəmiz var. Bundan istifadə etməyə çalışacağıq".


Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Olimpik" görüşü saat 21:45-də start götürəcək.