Rəqiblərinə “Stokholm sindromu” yaşatmağa gedən Musa Qurbanlı YAZI
- 06 İyl 2023 13:56
- 516
Musa Qurbanlının "Yurqorden"ə (adı İsveç dilində məhz belə, lap dəqiqliyə qalsa "Yürqoden" səslənməlidi, amma dilimizə ən uyğunu məncə, bu yazdığım formadı) transferi haqda yazdığım ilk fikirlər birmənalı qarşılanmamışdı, hətta tənqid atəşinə də tutulmuşdum. Sanki mən futbolçunun legioner həyatı yaşamasına qarşıyam, keçidini uğursuz sayıram. Elə deyil. Bu transferin uğurlu olub-olmayacağını zaman göstərəcək. Ümid edirəm ki, hər şey onun üçün yaxşı qurtarar. Tək onun yox, elə hamımız üçün. Çünki Musa milli komandanın, ümumi ölkə futbolunun ümid yerlərindən biridi və italyan fiasko De Byazi gedəndən sonra yığmanın liderləri sırasında, bəlkə də önündə yer alacaq.
Bir-iki məqamı incələməyə ehtiyac var.
Başlayaq ondan ki, 500 min avro qazanc əldə etmələrinə baxmayaraq Musanın transferindən ən çox itirən "Qarabağ" olacaq. Şeydayevin gedişindən sonra bombardir Qurbanlının da yola salınması (Ozobiçin göndərilməsi, Əhmədzadə və İbrahimlinin də “Zirə”yə icarəyə verilməsi də diqqətə alınmalıdı) ölkə çempionatındakı yerli futbolçu - xüsusilə də hücum xəttində - ehtiyatına ciddi zərbə olacaq. Bəli, Nəriman Axundzadə var, "Ferentsvaroş"la oyunda özünü yaxşı tərəfdən göstərdi. Amma bir yoxlama görüşündəki performans mütləq fikir bildirmək üçün yetərli deyil. Nəriman kimi gəncin inkişafı üçün vaxt lazımdı. O vaxt "Qarabağ"da varmı? Çətin sualdı.
İsveçlilərdə durum bir qədər fərqlidi. "Yurqorden"in hücum xəttində də yenilənmə gedir və bu dəfə yeni adam Musadı. İlk açıqlamalar, yerli medianın diqqəti, azarkeşlərin şərhləri göstərir ki, orada futbolçumuza böyük ümidlər bəsləyirlər. Onun qolçuluğu xüsusilə vurğulanır, müsbət ab-hava hiss olunur. Hazırda davam edən çempionatda (“Allsvenskan”) işləri yaxşı getməyən "dəmir sobalar"ın (ləqəbləri budu, digər ləqəbləri "mavi zolaqlar"dı) belə demək olarsa, möcüzəvi toxunuşa ehtiyacları var. Üstəlik, ayın sonunda ötən mövsüm 1/8 finalına qədər getdikləri Konfrans Liqasının təsnifat mərhələsində İsveçrə "Lütsern"iylə qarşılaşmaları var. Faktiki Musa Qurbanlı ilk cəhddəcə komandanın əsas qol ümidinə çevrilir, ondan çox şey gözləyirlər. Yenə də yerli medianın yazdığına inansaq, “Yurqorden”in Musa və alınacaq daha bir forvarddan başqa heç kimi yoxdu. Qurbanlının gənc olsa da, “Qarabağ”dakı böyük turnirlər təcrübəsi, həmçinin Azərbaycan çempionatındakı uğurlu çıxışı isveçlilərə ona güvənmək imkanı verib.
AİK və “Göteborq” kimi güclülərin böyük enişi fonunda “Yurqorden”in ölkə çempionatında yenidən medalçılar sırasında (çempionluq mümkün görünmür, “Malmö” çox uzaqdadı) yer alma ehtimalı böyükdü. Amma bunun üçün də xeyli əziyyət çəkmək lazım gələcək. 12 qat İsveç çempionu olan “mavi zolaqlılar” hazırda 5-ci pillədə qərarlaşıblar və izləyiciləri də az deyil. Üstəlik, Kim Berqstrandın yetirmələri yüksək məhsuldarlıq nümayiş etdirmirlər, 14 oyuna aktivlərində cəmi 21 top var. Bir sözlə, Musa Qurbanlı heç də hər şeyin yaxşı getdiyi yox, hər şeyi yaxşı etməyin gərəkdiyi bir yerə gedir. Bunun müsbət tərəfin ondan ibarətdi ki, həmyerlimiz qısa zamanda qollarını sıralayıb yeni komandasına uğur qazandırsa, həm azarkeşlərin sevimlisinə çevrilə, həm də skautların radarında daha yaxın mövqedə yer ala bilər. Hərçənd buna “Qarabağ”ın heyətində, bəlkə də Çempionlar Liqasının qrupunda daha rahat nail olmaq da olardı. Çünki “Yurqorden”ə transferin əsas mənfi cəhəti məhz bu klubun böyük klublara, “Böyük beşlik”də yer alan nəhənglərə, hətta oradakı möhkəm ortabablara keçid baxımından yaxşı tramplin rolu oynaya bilməməsidi. Son illərdə belə bir keçid olmayıb. Ən ciddi sayılacaq ad Halmar Ekdaldı, Çempionşipdəki “Börnli”yə transfer olunmuşdu, o da müdafiəçidi. Hücumçular isə burdan adətən digər İsveç klublarına, Danimarkaya, yaxın ölkələrə gedə bilirlər. Statistika məhz belədi.
Ümumilikdə legioner həyatı ilə bağlı bir məqam da var: Musa Qurbanlının Avropa pasportu yoxdu. Bu onun “Böyük beşlik” ölkələrinə keçid işini çox çətinləşdirir və çətinləşdirməkdə davam edəcək. Bəlkə də məhz bu məqam bu günə qədər onun məsələn, “Torino”ya transferinin qarşısını alıb. İtalyanlar, yaxud şayiələrdə adı keçən ispanlar “bir az da gözləyək, görək özünü necə göstərir” düşünərək, gözləmə mövqeyini tutublar. Musa da daha çox oyun vaxtı qazanacağı kluba keçmək qərarı verib.
Hər halda, bu bir seçimdi. Azərbaycanlı futbolçunun bir İsveç klubunda əsas heyət oyunçusuna çevrilməsi sevindirici məqam sayıla bilər. İctimai fikir belədi ki, Qurban Qurbanov təcrübəli mütəxəssisdi və oğlunu bu kluba göndəribsə, deməli bir bildiyi var. “Hoca”nın təcrübəsinə, futbol biliyinə şübhəm yoxdu, ona görə də mən də onun intuisiyasına güvənə, Musaya uğurlar arzulaya bilərəm.
İsveç soyuğuna ardıcıl qollarıyla qalib gəlməsi, rəqiblərinə “Stokholm sindromu” yaşatması ümidiylə…
Kənan Məstəliyev.