Rəşad Sadıqov: "Artıq komandada yorğunluq hiss olunur" MÜSAHİBƏ
- 22 Noy 2019 22:08
- 1818
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Sumqayıt" məğlubiyyətindən sonra açıqlama verib. Rekord.az xəbər verir ki, təcrübəli futbolçu öncədən oyunun çətin keçəcəyini bildiklərini deyib:
- Son turlarda "Sumqayıt" yaxşı oyun nümayiş etdirir. Bizim komandanın əksər üzvləri yığmaların heyətində idilər. Demək olar ki, yalnız dünən komanda ilə birgə tam şəkildə məşq etmişik. Buna qədər 7-8 nəfərlə hazırlıq keçirdik. Biz hər zaman millinin toplanışlarından sonra çətinlik çəkmişik. Oyunumuz ya ağır alınıb, ya da ümumiyyətlə, əziyyət çəkmişik. Bunu bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. "Sumqayıt" bu gün, xüsusilə də ikinci hissədə, yaxşı oyun nümayiş etdirdi. Əksinə, bizim isə fasilədən sonra oyunumuz alınmadı.
- İkinci dövrədə 5 oyunda cəmi 1 qələbə qazana bilmisiz. Bunun səbəbi nədir?
- Çox sıx qrafikdə oynayırıq. Artıq komandada yorğunluq hiss olunur. İlk hissədən fərqli olaraq, ikinci yarıda tempimiz bir qədər aşağı düşdü. Bu yorğunluqdan irəli gəlir. İyun ayından bu yorğunluq yavaş-yavaş yığılıb və son oyunlarda özünü hiss etdirir.
- Qarşıda sizi "Sevilya" ilə ağır səfər oyunu gözləyir. Komandanın yorğunluğu həmin qarşılaşmada özünü göstərməyəcək ki?
- Ümid edirəm ki, mənfi təsirini göstərməz. Toparlanmaq lazımdır. Başa düşürük ki, çox vacib oyundur. Əlimizdən gələni edəcəyik. Hər şey uğurlu alınmalıdır ki, oradan xalnan qayıdaq.
- Sonda hakim Rauf Cabbarova nəyi isə izah etməyə çalışırdın.
- Birinci hissədəki epizodla bağlı soruşurdum. Vüqar Mustafayevə ikinci sarını düşündü versin, yaxınlaşanda sanki yadına düşdü ikincidir, göstərmədi. Mənə elə gəldi. Soruşdum ki, orda niyə vermədin, burda verdin?
- İsmayıl İbrahimliyə göstərilən qırmızı vərəqə ilə bağlı nə deyə bilərsən?
- Epizodu görmədim, baxmaq lazımdır. Hakimlər əminliklə "qırmızı, qırmızı" dedilər. Amma mən görmədim, baxmaq gərəkir.
- "Sumqayıt" təxminən eyni vəziyyətdən sizə 2 qol vurdu.
- Hər iki epizodda top bizdə olanda hücuma çıxarkən top itkisi baş verdi. Xüsusən də 1-ci qolda. Bilirdik ki, oyunu əsasən əks-hücumlarda quracaqlar. Birinci hissədə ona imkan vermirdik. Amma ikinci yarının əvvəlində çox top itkilərimiz oldu və ondan istifadə etdilər. Hücuma çıxanda top itkilərinə yol verirsənsə, arxada boşluqlar yaranacaq. Birinci qolu elə buraxdıq. İkinci qol bir az fərqli oldu. Səhvlərimizdən istifadə etdilər.