Rəşad Sadıqov: "Ümumi baxsaq, komandanın çıxışını yüksək qiymətləndirirəm" MÜSAHİBƏ
- 01 Dek 2019 15:00
- 959
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsi.
- “Sevilya” ilə oyun barədə fikirlərinizi bölüşərdiniz.
- Əslində, oyun istədiyimiz kimi gedirdi. Bilirdik ki, “Sevilya” hücum futbolu oynayacaq. Biz də çalışırdıq ki, maksimum şəkildə onların hücumlarının qarşısını alaq və fürsət düşəndə irəli çıxaq. İlk hissəni səhvsiz tamamladıq. Fasilədə inanmışdıq ki, İspaniyadan xal və ya xallarla ayrıla bilərik. İkinci hissənin əvvəlində “rikoşet”lə qol buraxdıq. Bizim üçün gözlənilməz oldu. Həmin dəqiqəyə kimi ciddi təhlükə yaranmamışdı. Munes Dabburun cərimə meydançasının xəttindən zərbəsi var idi. Qapımızda başqa ciddi epizod yaranmadı. Ondan sonra məcbur olduq ki, açıq futbol oynayaq. Uşaqlar özlərində güc tapıb, irəli atıldılar. Bəzi dəyişikliklərlə oyunu canlandırdılar. Qapıya bir neçə zərbəmiz oldu, künc zərbələri yerinə yetirdik. Hücum etməyə, bacardığımızı reallaşdırmağa çalışdıq, amma hesabı bərabərləşdirə bilmədik.
- “Qarabağ”ın yer aldığı qrupu dəyərləndirərsiniz. Nə üçün növbəti mərhələyə adlamaq mümkün olmadı? Püşkatmadan sonra söylənilir ki, münasib qrupdur və növbəti mərhələyə adlamaq olar. Amma sona yaxın belə olmadığını gördük.
- Hər zaman proqnozlar verilir. Rəqibə görə fikirlər səsləndirilir, kimi udmaq olar, ya yox. Futbol bu tip şeyləri sevmir. Futbol odur ki, meydana çıxıb, son saniyəyə qədər mübarizə aparırsan və nəticə üçün ən yaxşısını etməyə çalışırsan. Bunu bütün qrup oyunlarında etməyə çalışırıq. 10 ildir ki, “Qarabağ”la Avropada oynayıram. Fikrimcə, ən yaxşı oynadığımız il oldu. 8 təsnifat və 5 qrup oyunu keçirmişik. Ümumi saysaq, 10-11 oyunu yüksək səviyyədə keçirmişik. Bəzi oyunlarda niyə uduzub, nə üçün heç-heçə etməyimizin cavabını heç özümüz də tapa bilməmişik. Nikosiyada APOEL-lə görüşdə çoxlu qol şanslarımız oldu. Həlledici oyun demək olar ki, Kiprdə baş tutdu. Çoxlu hücumlar təşkil etdik, qol epizodları yaratdıq. Hesabda irəlidə olsaq da, yenə də hücum edirdik. İkinci qolu vurmayınca, APOEL iki künc zərbəsindən bizi məyus etdi və qalib gəldi. Qrupun həlledici matçı idi. Bizə heç-heçə də sərf edirdi. Bu mövsüm standart vəziyyətlərdən başımız çox ağrıdı. Oyun cəhətdən baxsaq, yaxşı mövsüm keçirdiyimizi düşünürəm. Bir çox epizodlarda bəxtimizmi deyim, şansmı söyləyim, bilmirəm və ya APOEL daha bəxtli oldu, bilmirəm, bunu necə adlandıraq. Ümimi baxsaq, komandanın çıxışını yüksək qiymətləndirirəm.
- Güclü heyət və zədə epidemiyası olmasaydı, arzulananı reallaşdırmaq olardı?
- Futbol öz qapını qorumaq və rəqibə qol vurmaq üzərində qurulur. Bu il rəqiblərimizə az qol şansları vermişik. Bundan əlavə, rəqib qapılarına çoxlu hücumlar təşkil eləmişik. Sadəcə, qapımıza gedən hücumların əksəriyyəti qolla nəticələndi. Standart vəziyyətlərdən çox qollar buraxdıq. Demək olar, rəqibə qol imkanı vermirdik, komanda şəklində yaxşı müdafiə olunurduq. Rəqib qapısında da qol epizodları yaradırdıq. Sadəcə, son nöqtəni qoymaq çatışmırdı. Son həmlələr və hücumlarda bəlkə də dəqiqlik və ya ustalıq çatmadı. Hansının dəqiq olduğunu deyə bilməyəcəm.
- “Qarabağ”a yeni güc və nəfəs lazımdır?
- Təbii ki, var. Bunu mövsümün əvvəli də anlayırdıq. Ötən yay transferini istədiyimiz kimi keçirməmişdik. Bu yay Qurban müəllim bir çox mövqeylərin gücləndirilməsini istəyirdi. Hər zaman dediyimi təkrar edəcəm: futbolçular gəlmir, gətirə bilmirik, gəlmək istəmirlər, Azərbaycan klublarında oynamağa maraq göstərmirlər.
- “Kayserispor”da çıxış edən Pedro Enrikenin “Qarabağ”a qayıtmaq ehtimalı var. Bu nə dərəcədə komandaya faydalı ola bilər?
- Pedro tanıdığımız və sevdiyimiz futbolçudur. Hamımız istərdik ki, əgər imkan varsa, yenidən “Qarabağ”a qayıtsın.
- Məsələn ötən il, hücum xəttinə hazır vəziyyətdə olmayan Con Delarjla İnnosent Emeqara gəldi və komandaya istənilən faydanı vermədi. Bu mövsüm isə Maqaye Qeye “Qarabağ”a istənilən köməti etmir. Bəlkə, transferlər zamanı daha dərindən axtarmaq lazımdır?
- Sizinlə razıyam, bəlkə də, daha geniş axtarmaq lazımdır. Ciddi problemlər futbolçuların gəlməməsi ilə yaranır. Belə deyim, may ayındakı siyahıda 10 futbolçu olur və kimsə gəlmirsə, iyundakı siyahıya baxılır. Sonda baş verən transferlər zərurətdən irıli gəlir. Mətbuatda da xəbərlər çıxırdı ki, “Qarabağ” hansısa futbolçunu almaq istəyir. Qurban müəllimin apardığı seleksiyadan görünürdü ki, tam başqa oyunçuları arzulayır. Bir çox mövqeylərə oyunçu axtarılırdı. Qurban Qurbanovun da xasiyyəti belədir ki, transfer xətrinə oyunçu almaq istəmir. Aldığı oyunçu yaxşı olmalıdır və əgər belə deyilsə, bu transferi istəmir. Keçən il sizin dediyiniz kimi, bəzi transferlər uğursuz alındı. Bu il isə daha ehtiyatlı davranıldı. Çox istərdik ki, 4-5 yüksək səviyyəli oyunçu transfer edilsin.
- Azarkeşlər legionerləri tənqid edir ki, əvvəlki formada deyillər.
- Xeyr, bununla razı deyiləm. Miçeli tənqid ediriksə, onun APOEL-lə səfər oyunundakı yaratdığı 3 qol epizodunu xatırlamalıyıq. Bunu yaratmaq ustalıq və güc tələb edir. Komanda olduqca sıx qrafikdə oynayır və ciddi yorğunluq yaranır. Dəyişiklik ehtimalları da az olur, çünki zədəlilər çox oldu. 3-4 gündən bir oynayırıq. Məsələn Riçard Almeyda neçə oyundur ki, əvəzlənmədən meydana çıxır. Zubiri də qeyd edərdim. Oyunçularda belə yorğunluq olur və bu da zədələrə yol açır. APOEL-lə matçın 10-cu dəqiqəsində Dani Kintana zədələndi və biz hücum xəttində onunla yanaşı, Mahir Emreli, Xayme Romero və Filip Ozobiç kimi oyunçulardan məhrum idik. Biz artıq oyunu onlarsız keçirməli idik. Həmin oyunçuların da necə kreativ olduğunu bilirsiniz. Belə amillər az faktorlar deyil. Bir futbolçu olmayanda oyuna ciddi təsir edir. İndi fikirləşin, dörd aparıcı oyunçunu belə anlarda itirmək təsirsiz ötüşməyə bilməz.
- “Sevilya” ilə görüşdə “Qarabağ”da yorğunluq hiss edilirdi. Əvvəlki mövsümlərdə “Qarabağ” Avropa Liqası öncəsi çempionat matçını təxirə salırdı. İspaniyadakı vacib qarşılaşmadan əvvəl “Sumqayıt”la oyunu təxirə salmaq mümkün olmazdı?
- Əvvələr maksimum iki oyunu təxirə salırdıq. Amma baxırsan ki, narazılıq, etiraz olur. Qrupdakı rəqibimiz APOEL Kipr liqasında 3 oyununu təxirə salıb. Onlar özləri üçün istədiyi proqramı qurub. Heyətlərinə baxanda zədəli oyunçuların az olduğunu görərik. Biz buna getmək istəmədik. Bu günün müzakirə mövzusu deyil, artıq neçə mövsümdür ki Avropadakı oyunlarımız təxirə salınmır. Qurban müəllim öncədən qəbul etdi ki, bundan sonra oyunlar təxirə salınmasın. Bu gün açıq-aşkar komandada yorğunluq özünü büruzə verir. Əvvələr pley-offda iki oyunun arasında olan çempionat matçını təxirə salanda komandamız ev və səfər oyunları yüksək səviyyədə keçirdi. Bunun nəticəsində qruplara düşdük. Bundan kim qazandı? Təbii ki, Azərbaycan futbolu, azarkeşlər, futbol camiəsi. Belə situasiyalarda hamı bir-birinə güzəşt getməlidir. “Neftçi” ilk dəfə Avropa Liqasında qrupa düşəndə çempionatda bir neçə oyununu təxirə saldı və komanda tonusda qaldı. Elə biz də bunu edirdik. Daha sonra gördük ki, narazılıq var. İctimai rəylərə hörmətlə yanaşırıq. 2-3 ildir ki, Qurban Qurbanov oyunların təxirə salınmasını istəmir.
- Azarkeşlər, futbol camiəsi reallıqları nəzərə alıb, “Qarabağ”dan çox nəticə tələb etmirlər?
- Bu sevgi və istəkdən gəlir, onları başa düşürük. Mən “Qarabağ”ın həm futbolçusu, həm azarkeşiyəm. Uduzanda həm futbolçu kimi, həm də azarkeş kimi məyus oluram. İstəyirəm ki, uğurlarımız daha çox olsun. Onları yaxşı düşürəm ki, nə qədər həyəcan, stress keçirirlər. Bizdən nəticə tələb etmələrini normal qəbul edirik. Deyirlər ki, “Qarabağ” 3-4 gündən bir oyuna çıxmalıdır. Məncə, ictimai rəy doğrudur. Düzgün yanaşırlar. “Qarabağ” yox, “Qəbələ” olsun, bəzən anlayış göstərib, güzəşt etmək lazımdır. Biz o səviyyədə deyilik ki, 3-4 gündən bir stabil və yüksək səviyyədə oyun keçirək. O nə zaman olar? Bu vaxt olar ki, sənin çempionatın dinamik, yüksək və böyük rəqabətli keçsin. Məsələn, kubok matçları 1/4 finaldan deyil, 1/16 və ya 1/32 finaldan başlasın. Belə halda ildən-ilə bu tip oyunlara uyğunlaşmaq mümkün ola bilər. Yaxud da geniş heyətin olmalıdır. Amma biz 11 nəfərlik ideal heyət qurmaqda çətinlik çəkirik. “Sevilya” kimi komanda bir heyətini Avropa Liqasında, digərini isə La Liqada oynadır. Onlara yorğunluq və zədə amili demək olar, təsir göstərmir. Ancaq bizdə tam fərqlidir.
- Beynəlxalq oyunlar zamanı bəzi hallarda qollarımız sayılmır, doğru penaltimi verilmir. Azərbaycan futboluna heç simpatiya da yoxdur?
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iştirak etməyə başlayandan hər mövsüm kritik anlarda ciddi hakim səhvi ilə üzləşib. “İnter”dən tutmuş Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarımıza kimi. ÇL-dəki qrup matçlarının 3-nü 10 nəfərlə tamamlamışdıq. Sonra o epizodlara baxırıq və görürük buna oxşar milyonlarla qayda pozuntusu var. Ancaq həmin epizodlarda belə qərar verilmir. “Qarabağ”a qarşı bu tip oyunların kritik anlarında kobud səhvlər edilir. “Sevilya” ilə oyunu götürək, 100 faizli penaltinin təkrarına baxanda görürük ki, hakimdən 5 metr aralı baş verib. Amma ağ nöqtəni göstərmir, niyə etmirsən bunu? 75-ci dəqiqədir və bu penaltini qola çevirsən, arzuladığın nəticəni əldə edə bilərsən. Avropa Liqasında əvvəlki mövsümlərdə “Anderlext”lə səfərdə həlledici oyun idi. Qalib gəlsəydik, qrupdan çıxırdıq. 45-ci dəqiqədə son ümid foluna görə qırmızı vərəqəlik epizod zamanı hakim nəinki futbolçunu cəzalandırır, heç 11 metrlik cərimə zərbəsi təyin etmir. Elə “İnter”lə matç da buna nümunədir. Belə hallar çox başımıza gəlib. Nə ilə bağlıdır, bilmirəm, açıqlaya bilmirəm. Ümid edirəm ki, təsadüfdir. Niyə hər dəfə bizə qarşı olur?
- Karyeranızda böyük futbolçularla birgə çıxış etmisiniz. Bu mövsüm birlikdə oynadığınız Asmir Beqoviç barədə düşüncələriniz necədir?
- Beqoviç böyük karyeraya sahib olan usta qapıçıdır. İnsan kimi bu qədər sadə və mehriban olacağını gözləmirdim. Fikirləşirdim ki, “Çelsi”, “Stok Siti”, “Bornmut” kimi böyük klublarda çıxış edib. Çox sadə insandır və komandaya tez uyğunlaşıb. Belə bir oyunçu ilə müəyyən müddətdə futbol oynamaq xoş oldu.
- Öncə “Sumqayıt”la, sonra “Sevilya” ilə oynadınız. Növbəti matç isə “Sabah”a qarşı olacaq. Uyğunlaşmaq çətin olmur ki?
- Normaldır. Biz Azərbaycan çempionatında çıxış edirik. Deyərdim ki, bəzi Premyer Liqa oyunlarımız daha gərgin keçir, nəinki beynəlxalq oyunlar. APOEL-lə səfər oyunu “Sumqayıt”la matçdan daha rahat keçmişdi. “Sumqayıt”la matçın ikinci hissəsi ağır və gərgin keçdi. Stadionlar arasında fərq böyükdür. Tribunalara çoxlu azarkeşlər toplaşsa, stadionlarımız daha böyük və keyfiyyətli olsa, Avropadakı çıxışımıza müsbət mənada böyük təsir edə bilər. Bu tək bizə yox, digər klublarımızın da xeyrinə işləyər. Belə müqayisələr aparmırıq, ola bilər ki, “Sabah” və “Sumqayıt” daha ağır rəqib olsun. Çünki bu komandalar bizi daha yaxşı tanıyır.
- “Düdelanj”la matç sizin Avropada son oyununuz ola bilər?
- Bəli, ola bilər.
- “Düdelanj”la oyun “Qarabağ” üçün formal xarakter daşıyacaq. Bu matça necə köklənəcəksiniz?
- Çətin olacaq. Amma mütləq köklənməliyik. Klub və ölkə reytinqini düşünmək lazımdır. Qələbə yenə də qələbədir.
- “Qarabağ”ın bundan sonrakı planları nə olacaq?
- Planlar barədə geniş açıqlama verməyim düzgün olmaz. Yəqin ki, Qurban müəllim qarşıdakı oyunlardan sonra planları cızacaq. Bizə də o planları həyata keçirmək qalacaq. Həvəsdən düşmək olmaz, heç bunun üçün səbəb də yoxdur. Təki uğursuzluğumuz qrupdan çıxmamaq olsun. Məyus olaq ki, komandamız qrupdan çıxa bilmədi. Arzum budur ki, klublarımız Avropa Liqası və Çempionlar Liqasının qruplarında çıxış etsin, çünki Azərbaycan futbolunun buna ehtiyacı var. Gələcəkdə əminəm ki, komandanın daha böyük hədəfləri və uğurları olacaq.
- Sizin qışda və ya mövsümün sonunda hansı planlarınız olacaq?
- Hələ bu haqda danışmaq istəmirəm.