Riad Rəfiyev: “Onlarla yerli futbolçular arasında heç bir fərq qoymuruq”
- 29 Dek 2019 17:43
- 1109
“Klubumuza qış fasiləsində yeni futbolçunun cəlb olunmayacağı barədə açıqlamamızın maddi məsələlərlə əlaqəsi yoxdu”.
Rekord.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib.
Onun sözlərinə görə, komandanın hazırkı heyəti qənaətbəxşdi: "Bu məsələni klubumuzun məşqçilər heyəti ilə müzakirə etmişik. Fikrimizcə, hazırkı heyətimiz normaldı, pis deyil. Bəlkə bir futbolçu cəlb oluna bilər. Onun isə bizə nə qədər uyğun olub-olmayacağına, kömək etməyə nə dərəcədə qadir olduğuna baxandan sonra qərar verəcəyik. Amma mütləq hansısa futbolçu ilə müqavilə bağlayacağımıza dair niyyətimiz yoxdu".
Rəfiyev "Sumqayıt"ın heyətində yer alan Mehdi Şərifi və Peyman Babayinin Azərbaycan pasportu olmadığını etiraf etsə də, onlara qarşı ayrıseçkiliyin edilmədiyini diqqətə çatdırıb: "Şərifi və Babayi Peşəkar Futbol Liqasında legioner kimi qeydiyyatdan keçiblər. Burada heç bir sirr yoxdu. Bunu özünüz də araşdıra bilərsiniz. Amma hər ikisi cənubi azərbaycanlıdı, azərbaycanca sərbəst danışırlar. Onlarla yerli futbolçular arasında heç bir fərq qoymuruq. Ayırsaq, məncə, düzgün olmaz".
Klub prezidenti komandanın əslən azərbaycanlı futbolçularından Əmir Ağayev və digərlərinin Azərbaycan milli komandasına cəlb olunma məsələsinə də münasibət bildirib. Rəfiyevin sözlərinə görə, bu, baş məşqçinin qərarından asılı olacaq: "Amma hüquqi baxımdan, Azərbaycan yığmasında çıxış etməyə ixtiyarları var". (Report)
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını 4-cü pillədə başa vurub. Bundan əlavə, "gənclik şəhəri" təmsilçisi Azərbaycan Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.