Riad Rəfiyevin ən doğru qərarı
- 04 Noy 2024 15:14
- 390
Rəfiyevin ən doğru qərarı
Bəzən şikayətlənirik, “futbolun ədaləti yoxdur” deyirik. Amma zaman keçir, səbrsiz davrandığımızın fərqinə varırıq. Çünki futbol bizə ədalətini göstərir, özü də yüksək səviyyədə.
Samir Abasov “Sumqayıt”ı yarıyolda buraxıb, “Neftçi”yə keçəndə “gənclik şəhəri”ndəki futbol azarkeşləri üzülürdü. “Neftçi” cəbhəsində isə toy-bayram idi. “Ağ-qara” rənglərə könül verən azarkeşlər Abasovun gəlişindən sonra bütün problemlərin bitəcəyini, “Neftçi”nin qələbələri sıralayacağını düşünürdülər. Rəhbərlik də öz kefindəydi. Onlar Samir Abasovun adının və qazanacağı nəticələrin arxasında bir müddət də gizlənəcək, öz əməllərinə davam edəcəkdilər.
Amma olmadı. “Neftçi” zəifləmiş “Səbail” üzərində qələbədən sonra yenə “köhnə günlərə” döndü. “Sabah”la oyunda Cesse Sekidikanın oxu daşa dəydi. Yəni ki, onun yerinə yetirdiyi penalti zərbəsi dirəkdən qayıtdı. “Neftçi” həmin oyunda məhz Sekidikanın büdrəməsi sayəsində “Sabah”a uduzmadı, Masazır səfərindən 1 xalla döndü. “Araz Naxçıvan”la öz meydanındakı oyunda isə “Neftçi” məğlubiyyətdən qaçmağı bacarmadı. Cəmi 9 xalı olan “Neftçi” indi ətrafa turnir cədvəlinin səkkizinci pilləsindən boylanır. Samir Abasova bəslənən kövrək ümidlər isə ölməkdədir.
Əvəzində “Sumqayıt” yüksəlişə keçib. Vaqif Cavadovun çalışdırdığı komanda ardıcıl iki qələbə sayəsində 6-cı pilləyə qədər irəliləyib, Samir Abasovun çalışdırdığı “Neftçi”ni 4 xal, iki pillə üstələyir. Bu da futbolun ədaləti. Abasov “Sumqayıt”ı çalışdıranda son oyunları konkret yola verirdi, ağlı-fikri “Neftçi”də idi. Onun “Sumqayıt”ın baş məşqçisi kimi 6 tur qələbəyə həsrət qalması da bunun göstəricisi sayılmalıdır. Heç də təsadüfi deyil ki, Abasovun çalışdırdığı “Sumqayıt” 9 tura 7 xal toplamışdı. İndi isə Vaqif Cavadov 3 tura 6 xal toplayıb. Az qala Samir Abasov qədər. Deməli, uğursuzluqların səbəbi heç də “Sumqayıt”ın zəif oyunçu potensialı yox, baş məşqçinin problemlərin həlli yolunu axtarmaq istəməməsi imiş.
Bu arada Riad Rəfiyevi də təbrik etmək lazımdır. Adam konkret bu məsələdə doğru qərar verdi. Samir Abasovun könül verdiyi “Neftçi”yə yola salınmasından 100 min manat qazandı, klubun büdcəsinə qoydu. Digər yandan da yeni baş məşqçini kənarda axtarmadı, klubun içində olan, futbolçuları yaxşı tanıyan Vaqif Cavadova şans verdi. Cavadov da bu şansdan əla yararlanıb, futbolu heç də başqalarından pis bilmədiyini, məşqçi kimi yaxşı keyfiyyətlərə malik olduğunu göstərib. Kənardan gələn yeni baş məşqçi “heyəti mən yığmamışam” bəhanəsinin arxasına sığınacaq, futbolçuları tanımaq üçün vaxt lazım olduğunu deyəcəkdi. Cavadov isə bunların heç birini etmədi. Adam işinin peşəkarıdır və bu işi sevə-sevə görür. İnanıram ki, uğurun davamını da gətirəcək. Özü demişkən, eyforiyaya qapılmaq olmaz, hələ görüləcək işlər çoxdur. Rəfiyev bircə doğru qərarı ilə Azərbaycan futboluna yeni və istedadlı baş məşqçi qazandırmaqdadır. Sükanı belə saxlamaq lazımdır.