Riadın qılıncının altından keçməyən Ağabala
- 15 Mar 2021 15:59
- 1754
İtalyan çalışdırıcı Canni De Byazi dünən axşam milli komandanın düşərgəsinə çağırdığı futbolçuların siyahısını açıqlayıb. Siyahı kifayət qədər genişdi. Nə az, nə çox – düz 30 futbolçu Byazinin sərəncamında olacaq.
Bu yerdə qeyd edək ki, millimiz martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya, 27-də isə qrupumuzda müsabiqədənkənar iştirak edən Qətər milli komandası ilə qarşılaşacaq. Elə ona görə də Byazinin siyahısı bu qədər genişdi. Bizimkilər dünyanın düz vaxtı ardıcıl iki oyun keçirməyə çətinlik çəkirlər. Bu dəfə vəziyyət daha qəlizdi. Martın 24-dən 30-a kimi düz üç dəfə meydana çıxmaq, 90 dəqiqə futbol oynamaq xeyli çətin tapşırıqdı. Özü də bu qarşılaşmaların hər biri fərqli ölkədə təşkil ediləcək. Portuqallarla İtaliyanın Turin şəhərində qarşılaşmalıyıq. Qətərlə oyun üçünsə millimiz Macarıstana gedəcək. Yol yorğunu və iki ağır görüş keçirən milli komandamız bunun ardınca da Serbiyanın qarşısına çıxacaq. Özü də bu görüşü digər iki oyun kimi səfərdə keçirəcəyik. Futbolçuların həm fiziki, həm də mənəvi baxımdan yorulacağı aksiomadı. Elə bunu nəzərə alan italiyalı mütəxəssis siyahısını geniş edib, az qala ayağı top tutan hər kəsə dəvət göndərib. Hətta tutmayanlara da...
Çətin səfər öncəsi kiminsə adını çəkib, onu hədəf halına gətirmək istəmirəm. 30 futbolçu yetərlidi ki, Canni De Byazi təxminən üç fərqli heyət formalaşdırsın və hər bir futbolçuya həm dincəlmək, həm də oynamaq şansı yaratsın. Amma bir həqiqət var, onu mütləq deməliyik. “Zirə”nin futbolçusu Ağabala Ramazanovun adının bu siyahıda olmaması çox üzücü və düşündürücüdü. Belə yerdə necə düşünməyəsən ki, Canni De Byazi öz iradəsiylə yox, başqalarının diqtəsiylə hərəkət edir?
Nə sirri-xudadısa, hər bir əcnəbi məşqçinin dönəmində “qara siyahı”ya düşən bir futbolçu olur. Adını da qoyurlar filan futbolçu məşqçinin oyun fəlsəfəsinə uyğun gəlmir. Misal üçün, Berti Foqts İlqar Qurbanovla Araz Abdullayevi milliyə çağırmırdı. Nikola Yurçeviç “Neftçi”nin kapitanı Emin Mahmudova heç cür şans vermirdi. Canni De Byazi də Ağabala Ramazanovu “görmür”. Sual versən, səbəbini soruşsan, min dərədən su gətirəcək, qəliz açıqlamalarla cavabdan yayınacaq. Amma o deməsə də, biz əsl səbəbi bilirik.
“Riad Rəfiyev Ağabalanı “Şerif”ə aparmaq istəyirdi. Agent kimi onun da bu transferdə qazancı olacaqdı. Ancaq moldovanların təklif etdiyi şərtlər Ağabalaya sərf etmədiyindən keçid baş tutmadı. Həmin gündən “Sumqayıt”in menecer-prezidentinin onunla arası dəydi. Bu gün də Rəfiyev qardaşımdan həmin heyfi çıxır. De Byazi ilə yaxınlıqdan istifadə edib, Ağabalanın yığmaya yolunu bağlayır” – bu sözləri Ağabala Ramazanovun qardaşı Zaur Ramazanov ötən ilin noyabrında demişdi. Göründüyü kimi, prinsip davam edir. Ağabala Ramazanov yenə də millinin heyətinə dəvət almayıb. Baxmayaraq ki, “Zirə”nin heyətində sabit çıxış edir, komandası 3-cü pillədədi. Ramazanov milliyə çağırılmırsa, gərək, heç kim çağırılmasın.
Rəfiyevdən məsələ ilə bağlı açıqlama almaq istədik. Dəfələrlə sorğu ünvanladıq. Adamın “Sumqayıt”ın mətbuat xidməti vasitəsiylə bizə verdiyi cavab bu oldu: “Riad Rəfiyev Zaur Ramazanovun ittihamları barədə danışmaq istəmir”. Bəli, Rəfiyev susmağa üstünlük verdi. Susmaq razılıq əlamətidi, yoxsa Rəfiyevin deməyə sözü olmadı? Dəqiq bilmirəm. Dəqiq bildiyim odu ki, milli komandamızın başı üzərindən çirkin oyunlar oynanılır. Canni De Byazi də bu oyunlara qol qoyur, orda iştirak edir.
Ramazanovu cəzalandırırlar. Cəzanın səbəbi də onun Riadın qılıncınının altından keçməməsidi. Onlar yaxşı başa düşürlər ki, nə Ağabala, nə də Zaur geri addım atmayacaq, bu qılıncın altından keçməyəcəklər. Məqsəd başqadı. Digərləri görsün və nəticə çıxarsınlar. Başa düşsünlər ki, məlum qruplaşmaya qarşı “asi” olanların üzünə millilərin də qapısı bağlanacaq, AFFA-nın nəzarətində ola klubların da. Hələlik onların sözü keçir. Hələlik, həmişəlik yox. Həqiqətin parlayacağı gün isə uzaqda deyil!