Roberto Bordin: “Heç vaxt peşman olmamışam”
- 02 Mar 2020 16:41
- 727
“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına müsahibə verib.
Rekord.az “moldfootball.com” saytına istinadən xəbər verir ki, italyan mütəxəssis, əvvəlcə “Şerif”i çalışdırdığı dönəmdə “Qarabağ”la qarşılaşdıqları oyun haqda danışıb:
“Avrokuboklarda yaxşı təcrübəsi olan bir komanda ilə oynamışdıq. Yadınızdadırsa, bundan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəldilər. İlk görüşdə uduzmamağımıza baxmayaraq, bizim üçün çox çətin oldu. Düzünü deyim, heç-heçəni qazanmaq üçün çox çalışmalı olmuşduq. Evdə isə “Qarabağ” daha yaxşı idi. Ancaq cavab oyununda iki yaxşı imkanı əldə etmişdik. Onlardan istifadə etsəydik, hər şey fərqli ola bilərdi. Çünki irəli çıxacaqdılar və rəqibi əks-hücumlarda tuta bilərdik. Lakin səhvlərimiz ucbatından qol buraxdıq və sonra da nə baş verdiyi məlumdur”.
Bordin “Neftçi”yə keçməyinə peşman olmadığını da deyib:
“Heç vaxt peşman olmamışam. “Neftçi”nin də yaxşı cəhətləri var. Avropa Liqasının təsnifat mərhələsində güclü “Arsenal”ı (Tula) məğlub etdik. Azərbaycan klubları heç vaxt Rusiya komandalarına qalib gələ bilməmişdi. Biz buna nail olduq.
Moldovadakı işimə gəlincə, düşünürəm ki, “Şerif” mənə çox şey verdi. Məni belə bir komandaya dəvət etdikləri üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Bu həyatda hər şey mümkündür”.
Bordin 2018-ci ilin yayından 2020-ci ilin yanvarına qədər “Neftçi”ni çalışdırıb.