Azərbaycan Premyer Liqasında 8-ci turun “Neftçi” – “Zirə” (3:0) matçından sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirib:

- Bütün futbolçularımı təbrik edirəm. Bu gün oyuna çox düzgün yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Bu gün bunu bacardıq. Qələbə turnir cədvəli baxımından da əhəmiyyətli idi. Bütün futbolçular ilk dəqiqələrdən sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da uğurlu qoşuldu. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Birinci qoldan sonra oyunu bitirmək üçün irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik və qol buraxa da bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün epizodlarımız yarandı.

- Gözəl oynadız və yaxşı nəticə qazandız. Ancaq çoxlu qol imkanlarından istifadə olunmadı...
- Əsas odu ki, təhlükəli məqamlar yarada bilirdik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya yoxluğu yarana bilər. Başqa problem yoxdu.

- Rauf Əliyev hücumda gözləniləni verə bildimi?
- Oynadığı müddətdə etdikləri məni qane etdi. Qol vura da bilərdi. Yalnız buna görə üzülürəm ki, fərqlənə bilmədi. Ona yalnız qol çatmadı.

- Ardıcıl 3 qələbə “Neftçi”nin yaralarının neçə faizini sağaldıb?
- Faizi deyə bilmərəm. Sadəcə, son 3 qələbəni baza kimi düşünmək və irəli addımlar atmağımızı istəyərəm. Əvvəl yaralı idik, indi ayağa qalxa bilmişik.

- Gerye və Mustivarın oynamaması milli komandanın heyətindən qayıtmaları ilə bağlı idi?
- Hər iki oyunçu yığmada kifayət qədər oynadı və uzun yol gəldilər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik.

- “Neftçi”nin çempionluğu üçün əsas rəqibi “Qarabağ”ın da xal itkiləri lazımdı. Onların uğursuzluğunu arzulayırsızmı?
- Biz hər gün yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdu. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik. (matc.az)