Azərbaycanın tələbə oğlanlardan ibarət millisi XXXI Ümumdünya Yay Universiadasına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız təlim-məşq toplanışını Bakıda keçir. 

Komandamızın oyunqurucusu Roman Qurskiy hazırlıq prosesi və yarış haqqında fikirlərini bölüşüb:

“Universiadaya hazırlıqlara iyunun 1-də fiziki məşqlərlə başladıq. Hazırda isə məşqlərimizə toplarla davam edirik. Bakıda yerli komandalarla iki hazırlıq matçı keçirdik. Təəssüf ki, ölkə xaricinə gedib başqa komandalarla yoldaşlıq oyunları oynamaq alınmadı.

Heyətdə çoxlu gənc və yeni oyunçular var, demək olar hamısı Azərbaycan çempionatında çıxış edir. Bir neçə təcrübəli oyunçumuz olsa da, ümumilikdə komandamız gəncdir. Düşünürəm ki, Çində bizi çətin və gərgin oyunlar gözləyir. Lakin biz orada daha yaxşı çıxış etməyə çalışacağıq. Məqsədimiz əsas millimizin gələcəyi üçün təcrübə qazanmaqdır.

Düşünürəm ki, Universiadanın favoriti Yaponiya, İtaliya və İran komandalarıdır. Bizim qrupumuz isə kifayət qədər güclüdür. Meksika, Ukrayna və Çin yığmalarına qarşı oynayacağıq. Bu komandaların oyunçuları Avropa və müxtəlif ölkələrin çempionatlarında çıxış edirlər. Nə qədər çətin olsa da biz qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”.