Romaya qayıdan futbol Bakıya da gələcəkmi?
- 03 May 2020 11:29
- 1884
Koronavirus adlı bəla artıq iki aya yaxındı ki, həyatımıza daxil olub. Səhərimiz onunla açılır, günortamız onunla keçir, axşama yaxın da gözümüz-qulağımız yeni xəbər axtarışında olur. Gözləyirik ki, “bu gün Azərbaycanda yeni yoluxma qeydə alınmayıb” açıqlamasını eşidək. Bununla da həyatımız qaldığı yerdən davam etsin, gündəlik qayğılarımızla məşğul olaq. “Koronavaris bitdi, həyatdan zövq almağa davam...” – demək üçün o qədər darıxmışıq ki...
Yox, hələlik bu istəyimiz real görünmür. Üzü üzlər görmüş COVİD-19 adlı virus günəşli diyarı tərk etməyə tələsmir. Sanki yoluxma sayı da insanların əsəbləri ilə oynamaq üçün özünü naza qoyub. Yoluxma sayı azalmaya başlayanda dərindən nəfəs alırıq, “gözəl günlər görməyimizə az qalıb” düşüncəsinin əsirinə çevrilməyə başlayırıq. Bir də görürük ki, sevinməyə tələsmişik. Çünki növbəti gün açıqlanan rəqəmlər sevincimizi gözümüzdə qoyur, yoluxanların sayı artıma keçir. Xüsusi karantin rejiminin tələblərinə uyur, sosial məsuliyyətimizi dərk edir və qadağalara uyuruq. Başqa cür mümkün də deyil.
Amma bir məsələ də var. Bəzi məhdudiyyətlər bundan sonra uzun müddət bizi müşayiət etsə belə, sərt qadağalar əbədi ola bilməz. İnsan cəmiyyəti azadlığı, sərbəstliyi sevir, daim rahatlığa can atır, arzularının ardınca qaçır. Təxminən belə düşünək ki, hər kəs bir gün öləcəyini bilir, amma yaşayır, yaradır, həyatdan daha çox zövq almağa çalışır. Bu da elə bir şeydi. Avtomobillə yola çıxarkən, təyyarə ilə göydə uçarkən qəfil bir qəza həyatına son qoya bilər. Eləcə də dənizdə sərinlənmək üçün üzərkən boğulmaq təhlükəsiylə üz-üzəsən. Bütün bunları bilsən də, özünü evə qapatmırsan, nə səyahətdən imtina edirsən, nə də dənizə getməkdən. Hələ mən üzərində “siqaret çəkmək öldürür” yazılan qutunun içini açıb, ordakı tütünün tüstüsünü ciyərlərinə çəkən insan övladını demirəm. Sözümün canı odu ki, qadağalar bizi müşayiət etsə belə, həyatın axarına, insanın daxili dünyasının çağırışlarına qulaq asmaq lazımdı. Üzərimizdə maska-spirt gəzdirə-gəzdirə olsa da yaşamalı, gəzməli, işimizin-gücümüzün arxasınca getməli, futbola baxmalı, restorana baş çəkməli, xeyir-şərdə yaxın adamların yanında olmalıyıq. Gec, ya da tez!
Bəli, Azərbaycan dövləti pandemiya yayılmağa başlayan gündən çox doğru qərarlar qəbul etdi, vətəndaşlarını virusun təsirindən ən yüksək səviyyədə qorumağı bacardı. Buna görə hər zaman ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik. Məhz bu qərarların sayəsində Azərbaycanda yoluxma halları kütləvi xarakterli olmadı, vəziyyət nəzarət altına alındı, itkilərimiz minimumla məhdudlaşır. Allaha şükür ki, artıq xüsusi karantin rejimi də yumşalmağa doğru gedir, müəyyən qadağalar ortadan qalxır. Artıq paytaxt Bakı və böyük şəhərlər istisna olmaqla ölkə ərazisinin böyük qismində qadağalar götürülüb, insanlar sərbəstdi.
Deməli, futbol üçün də bir şeylər fikirləşməyin zamanıdı. Vaxt gedir, mövsümü bitirmək üçün imkanlar tükənir. Başbilənlər toplaşmalı, klubların qrup şəklində məşqlərə başlaması üçün müəyyən addımlar atılmalıdı. Bunu Qəbələdə, yaxud Quba-Qusar bölgəsində həyata keçirmək də olar. Ən azından fiziki hazırlığın qaydaya salınması üçün. Dünən 474 nəfərin öldüyü İtaliyada Roma klubların mayın 6-dən məşqlərə başlayır. Futbol artıq Romaya qayıdıb, onu Azərbaycandan uzaqlaşdırmayın!