"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və PSJ-nin oyunçusu Lionel Messi dünən yeni klublarında növbəti oyunlarına çıxıblar.

Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçunun komandası İngiltərə Premyer Liqasının 5-ci turunda "Vest Hem"ə 2:1 hesabı ilə qalib gəlib. 36 yaşlı oyunçu sözügedən matçda 1 qol vurub.

Argentinalı futbolçunun komandası isə Fransa çempionatının 6-cı turunda "Lion"u 2:1 hesabı ilə məğlub edib. Messinin bu qarşılaşmada  əla qol imkanları olsa da, fərqlənə bilməyib. Onun zərbəsi 37 -ci dəqiqədə dirəyə dəyib. Lionel 76-cı dəqiqədə əvəzlənib.

Ronaldo "Mançester Yunayted"ə qayıtdıqdan sonra meydana çıxdığı 3 matçda 4 qol vurub. Messi isə yeni komandasında keçirdiyi 3 görüşün heç birində fərqlənə bilməyib.

Qeyd edək ki, "Qızıl top"u ən çox Messi qazanıb (6 dəfə). Onun ən yaxın izləyicisi Ronaldodur (5).