Ronaldo 700-cü qoluna imza atdı: “Rekordlar özü məni tapır”
- 15 Okt 2019 14:40
- 950
Futbol üzrə Portuqaliya millisi AÇ-2020-nin seçmə mərhələsində Ukraynaya məğlub olub – 1:2.
Rekord.az xəbər verir ki, sözügedən qarşılaşma Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.
Görüşün 72-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən 34 yaşlı hücumçu peşəkar karyerasında 700-cü qoluna imza atıb. Portuqaliyalı futbolçu bu qollardan 95-ni millinin heyətində vurub. O, digər qollardan 5-ni “Sportinq”in, 118-ni “Mançester Yunayted”in, 450-ni “Real”ın, 32-ni isə “Yuventus”un formasında rəqib qapılarından keçirib.
Bu qədər qolu 974 oyuna sığdıran hücumçu bütövlükdə 12 müxtəlif turnirdə fərqlənib. Beləcə, Ronaldo, Yosef Bican, Romario, Pele, Ferenrs Puşkaş, Gerd Müllerdən sonra milli komanda və klub formasıyla 700 qol səddini keçən 6-cı futbolçuya çevrilib.
Ronaldo 700 qol səddinə çatması ilə bağlı fikirlərini də bildirib:
“Hər kəs bu saya çata bilməz. Mənim bu səviyyədə olmağıma kömək edən komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Ukraynada qələbə qazana bilmədiyimiz üçün məyusam. Ancaq komandamla fəxr edirəm. Neçə rekordumun olduğunu bilmirəm. Bunları qazanmağımda köməyi olanlara təşəkkür edirəm. Rekord axtarmıram, özləri məni tapır”.