Sadıq Sadıqov yenidən futbola qayıda bilər.

Rekord.az-a bununla bağlı çox maraqlı məlumat daxil olub.

Etibarlı mənbədən verilən məlumata görə, bunun əsas təşəbbüskarı AFFA prezidenti Rövnəq Abdullayevdi. Federasiya prezidenti qohumu olan və Cüdo Federasiyasındakı vəzifəsini itirən Sadıqovu yenidən futbola qaytarmaq istəyir: birbaşa “Neftçi”yə! 

Hazırda “ağ-qaralar”da vəziyyət onsuz da yaxşı deyil. Avrokuboklardakı biabırçı çıxışdan sonra daxili arenada da işlər yaxşı getmir və paytaxt klubu ilk pillədəki “Qarabağ”dan xeyli geri düşərək, demək olar ki, çempionluq şansını itirib. Bundan başqa, klub daxilində də parçalanma, anarxiya hökm sürür. Abdullayev də Sadıqovu yenidən “Neftçi”nin başına gətirməklə, bütün xoşagəlməzliklərə son qoymaq istəyir.

Digər bir maraqlı məlumat isə ondan ibarətdir ki, Sadıqov “Neftçi”yə gələcəyi halda demək olar ki, yenidən köhnə heyəti başına toplayacaq. Sabiq prezident baş məşqçi postunu isə əvvəllər bir yerdə işlədikləri Tərlan Əhmədova həvalə etməyi düşünür. Bir sözlə, mövsümün sonunda “Neftçi”də ciddi proseslərin yaşanacağı gözlənilir.