Rövşən Nəcəfi AFFA-nın yeni prezidenti seçilməsi ilə bağlı təbrik edirəm. Hər halda, başlamamış təkərinə çomaq soxmağa çalışmayaq. Biz bilmirik o tariximizdə necə biri kimi qalacaq. Nostradamusa qohumluğumuz da çatmır ki, nəsə bilək, falçı da deyilik. Ona görə də, əvvəlcə təbrik edək, uğurlar arzulayaq. 

Görəcəyi iş çoxdu, bir-bir burda sadalamayaq, onsuz da hamı bilir. İlk açıqlamalarında verdiyi mesajlar da doğru mesajlardı. Qalır bunlara riayət eləmək, həyata keçirmək. Yarısını da eləsə, böyük iş olacaq. 

“Neftçi”dəki uğursuzluğunun AFFA-da da təkrarlanmasına imkan verməməlidi, bunu da bilir. Rövşən Nəcəf AFFA prezidenti seçilib, amma onun əsl bacarığı qısa zamanda edəcəyi kadr siyasətində özünü göstərəcək. Klubda hər şey tərsinə idi, heç kim öz yerində deyildi, darmadağın durum yaranmışdı. Federasiyada belə alınmayacaq. Kadrlar çox ciddi ölçüb-biçilməli, seçilməlidi. Bu baxımdan müsbət məqamlar da var, suallar da.

Suallardan biri odu ki, niyə biz İcraiyyə Komitəsində bu dəfə Gənclər və İdman Nazirliyindən heç kim təmsil olunmadı? Fərid Mansurov artıq bu qurumda fəaliyyət göstərmir, onun yerinə, yaxud da onunla birlikdə bir nəfər də daxil etmək olardı. Vacib deyildi Elnur Məmmədov olsun. Başqa namizəd də tapıla bilərdi.

İkinci sual, Qurban Qurbanov və ya Səməd Qurbanovdan birinə vitse-prezident postunun verilməməsidi. Əslində, seçimi başa düşürəm: Sərxan Hacıyev və Elşad Nəsirov aydındı, yeni kurasiyadan Balaş Qasımov da orda olmalı idi, Könül xanımı da gender məsələsinə görə əlavə ediblər. Amma bu gender məsələsini sonraya saxlasaydıq, məncə, heç kim heç nə deməzdi. 

Hər halda, əsas sual Qurbanovların hansı vəzifə tutması yox, onların sözünə qulaq asılıb-asılmayacağıdı. Asılacaqsa, o zaman hər şey ok-di. Asılmayacaqsa, deyiləsi söz yoxdu.

Kadrlar baxımından əsas müsbət məqam Sərxan Hacıyevin baş katib postunda saxlanması, üstəlik, icraçı vitse-prezident seçilməsidi. Hamımız razılaşırıq ki, məhz onun qısa fəaliyyəti dövründə AFFA-da yaxşıya doğru dəyişikliklər oldu, gələcəyə az da olsa inam yarandı. Ümid edirəm ki, Hacıyev verdiyi sözləri tutmaqda davam edəcək, həm də tutduğu yolu eyni əzmlə davam etdirəcək. 

Baş məşqçi məsələsi... Bu strateji qərar və Rövşən Nəcəfin ən vacib gedişi olacaq. Məhz baş məşqçinin kimliyi bizim qarşıdakı illərdə nəyə nail olub-olmayacağımızı göstərəcək. Məsələ yerli və ya əcnəbi olmasında yox, gətiriləcək məşqçinin futbola, futbolumuza baxış bucağında, həmçinin federasiya rəhbərliyinin işə münasibətindədi. 

Və sonda media ilə münasibətlər. Rövşən Nəcəf bu baxımdan da müsbət mesajlar verib və onun bu niyyətini alqışlayıram. AFFA bu günə qədər ancaq “parçala, hökm et” prinsipi ilə işləyərək idman mediasında ikitirəlik yaradıb, ağır addımlar atıb, iş təqib və təzyiqlərə qədər gedib-çıxıb. Başıma gəlib, ona görə bilirəm. Ümid edirəm, hətta inanıram ki, yeni prezident bu baxımdan öncəkinə bənzəməyəcək. Bizim nə futbol rəhbərliyi, nə də onların şəxsiyyətiylə işimiz yoxdu. Biz yaxşı futbol, qələbələr və özümüzə doğru, obyektiv münasibət istəyirik. Başqa heç nə. Bunlar olacağı halda, biz hamımız birlikdə uğur qazanacağıq.


Qeydlərim və yazacaqlarım, hələ ki, bu qədər. 

 

Kənan Məstəliyev, "Rekord.az"