
“Rühdan düşmədik, özümüzə inandıq” – Millimizin kapitanı
- 28 Mar 2025 23:32
- 100
Avropa çempionatının əsas mərhələsində dünən Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin qapıçısı və kapitanı Hüseyn Abdulov Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
Rekord.az xəbər verir ki, o, 3:3 hesablı heç-heçəni belə şərh edib:
“Oyun çox çətin, gərgin keçdi. Birinci matçda yenilsək də, toparlana bildik. Xorvatiya yığması ən güclülərdəndir. Onlar daim final mərhələsinə vəsiqə qazanırlar. Bu statistikaya baxmayaraq, komandamız əzmkarlıq göstərdi, əla oyun nümayiş etdirdi. Elə oyun oldu ki, qələbə də qazana bilərdik, hətta yenilgi ilə da üzləşə bilərdik. Çünki əvvəldə onlar fərqləndi, sonra biz ardıcıl 2 qol vurduq, uzun müddət hesabda öndə olduq. Sona 12 saniyə qalmış isə yenik duruma düşdük. Yenə də ruhdan düşmədik, özümüzə inanırdıq. Rəqib hər nə qədər güclü olsa da, sona 1 saniyə qalmış hesabı bərabrləşdirdik. Bu əsas mərhələdə qazanılan ilk xalımız oldu. Kənardan asan görünsə də, buna nail olmaq üçün çox əziyyət çəkdik.
Qırmızı aldığım epizoda gəldikdə, vaxtında müdaxilə etməsəydim, xorvat futzalçı fərqlənəcəkdi. Həmin anda əlimi bədənimə sıxsam da, cərimə etməkdən yayına bilmədim. Əlbəttə, komandamı azlıqda qoyduğuma görə təəssüfləndim. Əsas odur ki, meydanda azlıqda qaldığımız müddətdə də qapımızı toxunulmaz saxlaya bildik.
Qrupun son oyununda meydana çıxa bilməsəm də, komanda yoldaşlarıma inanıram. Əslində, Türkiyə millisi bu qrupun sürpriz komandasıdır. Heç kim onların bu cür çıxış edəcəyini gözləmirdi. Hər iki komanda üçün çətin görüş olacaq. Riyazi baxımdan şansımız qalsa da, reallığı nəzərə alsaq, mərhələ adlamağımız çox çətin olacaq. Ancaq reytinq xalları qazanmaq üçün komandamız ən yaxşısını etməyə çalışacaq”.