Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 14-cü tur çərçivəsində "NTT Data Cluj" klubu ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. Qonaqların ciddi müqaviməti ilə üzləşməyən Liza və rəfiqələri azarkeşlərini quru hesablı qələbə ilə sevindiriblər - 3:0 (25:13, 25:18, 25:18).

Komandasının çətinlik çəkmədiyi matçda millimizin üzvü 7 xal qazanıb. Ruban rəqibi 6 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran "CSM Lugoj" 5-ci pillədəki yerini qoruyub.