Rusiya Paris-2024 olimpiadasından da kənarlaşdırıldı
- 27 Okt 2022 15:08
- 585
Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiyanın Olimpiya Oyunlarının seçmə mərhələsində iştirakına qadağa qoyub. "Rekord.az" xəbər verrir ki, bu qərar Rusiyanın həm qadın, həm də kişilərdən ibarət yığmalarına şamil edilib.
Ümumrusiya Voleybol Federasiyasının vitse-prezidenti Gennadi Şipulin mətbuata açıqlamasında bu qərardan narazılıqlarını bildirib: "Bu qərara mütləq etiraz etməliyik. Əks halda bu, FİVB-nin qərarı ilə razılıq kimi görünəcək. Etirazımızı bildirməliyik. Nəticəsi necə olacaq, bu, artıq başqa məsələdir və bunu zaman göstərəcək. Nəinki biz razı deyilik, hətta dünyada bir çoxları - idman hərəkatları, idmançılar, siyasətçilər, idman birlikləri bu qərarla razı deyillər. Əlbəttə ki, buna etiraz etməliyik".
FIVB-nin bu qərarına səbəb Rusiya-Ukrayna müharibəsidir. Bu ilin fevral ayında başlanan müharibə Rusiyanı bir çox siyasi və iqtisadi sanksiyalarla yanaşı, idman sahəsində də qadağalarla üz-üzə qoyub. Belə ki, Rusiyanın voleybolla yanaşı, bütün növlər üzrə idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılıblar.
Onu da qeyd edək ki, Paris-2024-də voleybol üzrə təsnifat yarışlarında ilk 26 pillədə qərarlaşan komandalar iştirak edəcəklər. Bu sıralamada yer alan Fransa ev sahibi olduğu üçün olimpiadaya birbaşa qatılacaq, Rusiya isə məlum səbəblərdən təsnifat yarışlarında mübarizə aparmayacaq. 24 komanda hərəsində 8 yığma olmaqla 3 qrupa bölünəcək. Hər qrupda ilk iki yeri tutacaq komandalar Paris-2024-ə vəsiqə qazanacaqlar. Digər 5 komanda isə Millətlər Liqasının yekununa əsasən bəlli olacaq.