Rusiyada həbs olunan basketbolçu Baydenə məktub yazdı
- 06 İyl 2022 14:45
- 587
Narkotik qaçaqmalçılığı ittihamı ilə Rusiyanın Moskva şəhəri yaxınlığındakı istintaq təcridxanasında saxlanılan amerikalı basketbolçu Britni Qrayner ABŞ Prezidenti Co Baydenə məktub yazıb.
Rekord.az xəbər verir ki, o, Baydendən azadlığa çıxması üçün “mümkün olan hər şeyi etməyi” xahiş edib.
Qərb mediası sözügedən məktubdan çıxarışlar verib:
“Rusiya həbsxanasında olimpiya formam olmadan, həyat yoldaşımın, ailəmin, dostlarımın müdafiəsi olmadan öz düşüncələrimlə tək qalmışam… Burada həmişəlik qala biləcəyimdən dəhşətə gəlirəm…
Başa düşürəm ki, sizin çox işiniz var, amma xahiş edirəm, məni və həbsdə olan digər amerikalıları unutmayın. Lütfən, bizi evə qaytarmaq üçün əlinizdən gələni edin”.
Qrayner 2020-ci ildə ilk dəfə səs verdiyini və səsini Baydenə verdiyini də qeyd edib.
Ağ Ev məktubun alındığını təsdiqləyib və əmin edib ki, ABŞ rəsmiləri onun geri qaytarılması üçün çalışırlar.
31 yaşlı Brittni Qrayner dövrümüzün ən yaxşı basketbolçularından biri hesab olunur. Klub səviyyəsində o, həm ABŞ-da, həm də Rusiyada çıxış edib. 2022-ci ilin fevralında o, Şeremetyevo aeroportunda saxlanılıb. Onu külli miqdarda narkotik qaçaqmalçılığı ittihamı ilə 10 ilə qədər həbs cəzası gözləyir.