Ruslan Abbasov: “Hüseyn o sözü ciddi deyibsə, getsin, başını həkimə göstərsin” MÜSAHİBƏ
- 23 Apr 2020 15:00
- 1961
Tovuz futbolunun tanınan simalarından olan, hazırda “Turan Tovuz”da məşqçi kimi çalışan Ruslan Abbasov Rekord.az-a müsahibə verib:
- Karantin dövrünü necə keçirirsiniz, futbolçularınızın formadan düşməməsi üçün hansı addımlar atırsınız?
- Hamı kimi bizdə karantin dövrünü evdə keçiririk. Gözləyirik ki, bu xəstəlik, bəla bizlərdən ötüşsün məşqlərə başlayaq.
- Bilirik ki, bazanızda təmir işləri aparılır. Bu sizin məşqlərinizə nə dərəcədə təsir edir, məşqləri harada və necə keçirsiniz?
- Olimpiya İdman Kompleksinin stadionu var həm orda keçirik, həm də “Top klub” var onun meydançasında keçirik. O ki qaldı maneçiliyə, əlbəttə maneçilik var. Çünki uşaqların həmin meydançalara gedib-gəlməsi problem olur. Amma məşqin keyfiyyəti, inventar təminatı və s. yaxşıdır və bu barədə hər şey qaydasındadır.
- Tovuz futbolu nə vaxt əvvəlki şörətini qaytaracaq?
- Tovuz futtbolunun əvvəlki şöhrətini qaytarması üçün ən azı 5 il vaxt lazımdır. Bunun üçün ilk növbədə komandanın Premyer Liqada oynaması vacibdir. Komanda elitada oynamalıdır ki, insanlarda da həvəs olsun. Hazırda komanda I Divizionda oynadığı üçün valideynlər də uşaqlarını futbola yazdırmaq istəmir. Amma yüksək liqada oynasa, futbola axın daha çox olar.
- Son illər Tovuzdan milli səviyyəsində futbolçu çıxmır. Komandanın Premyer Liqada olmamasının burada təsiri var?
- Tovuzda istedadlı futbolçular indi də var. Sadəcə, sayları azdır. Hansı ki, milli komandada oynayacaq səviyyədə olsun. Hazırda hər yaş qrupunda 20-30 uşaq varsa, komanda yüksək liqada oynayanda ən azı 60-70 uşaq var idi. Say çox olanda seçim imkanı da çox olurdu. Dediyim kimi, I Divizion olduğu üçün valideynlərdə maraq da azdır. İndi hamı uşağını futboldan çox, təhsilə yönəldir. Ümid edirəm ki, komanda elitaya çıxandan sonra hər şey yenə əvvəlki kimi olacaq.
- Karyeranız ərzində bir sıra iddialı klublarda oynamısınız. Ən yadda qalan klub hansı olub və niyə?
- Əsasən iki klub olub. “Turan” futbolda ilk addımlarımı atdığım və futbola başladığım klubdu. Amma tanınmağımda, yüksəlməyimdə “Neftçi”nin böyük rolu olub. Çünki çempionluğum olub, “Qızıl oyun”da qazanılan qələbə, ermənilər üzərində qələbə, yaşanan o hisslər.
- “Neftçi”də çempionluğunuz olub. Bu gün “Neftçi” niyə “Qarabağ”ın önünə keçə bilmir?
- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki komandanın içində deyiləm. Belə baxanda transferlər də yaxşıdır, heyət də güclüdür. Sadəcə, “Qarabağ” “Qarabağ”dı. Hazırkı durumda inanmıram ki, kimsə onları keçib çempion ola.
- Bu yaxınlarda İdman TV-də qonaq olan Hüseyn Məhəmmədova Azərbaycanda ən istedadsız futbolçu ilə bağlı sual veriləndə sizin adınızı çəkdi. Dedi ki, Ruslan top saxlaya, kvadrat oynaya bilmirdi. Hüseynlə zarafatınız var, yoxsa bu sözləri ciddi deyib?
- “Qusi”nin dediklərinə mən də qulaq asmışam. Hüseynlə bir yerdə oynamışıq, komandaya da çox xeyri dəyib, bizə də çox xeyri dəyib, məşqdən sonra dəfələrlə qalıb əlavə məşq etmişik, “bariel” düzüb, “fışka” düzüb bizi məşq də etdirib. Yəqin o sözü zarafatla deyib. Çünki o qapıçıdı, heç vaxt “kvadrat” oynamayıb, nə bilir mən necə “kvadrat” oynayıram? Zəif oynasam, “Neftçi”də oynamazdım, Ağasəlim Mircavadov məni “Qızıl oyun”da, ermənilərə qarşı oyunda oynatmazdı. Burda iki variant var. Ya Hüseyndi o zarafatla deyib. Ya da ciddi deyibsə, deməli yaşlaşıb da, başında problemlər var. Tövsiyyə edərdim ki, başını həkimə göstərsin.
Anar XANLAROV