Rüstəm Orucovdan AÇ-də bürünc medal
- 20 Noy 2020 21:00
- 957
Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxıb.
Rekord.az xəbər verir ki, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulub.
Telman Vəliyev 1/16 finalda Vadim Şokaya (Belarus) uduzaraq mübarizəni erkən dayandırıb.
Murad Fətiyev ardıcıl olaraq Yaromir Musil (Çexiya), Anri Egutidze (Portuqaliya) və Dominik Druzetanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb. 1/4 mərhələsində Mattias Kasseyə (Belçika) uduzan cüdoçu təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Fətiyev bu mərhələdə gürcüstanlı Luka Maysuradzeyə yenilərək, 7-ci yerlə kifayətlənib.
Rüstəm Orucov isə Klaudio Nunyes Dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, 1/4 finalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib. Onun təsəlliverici görüşdəki rəqibi Tohar Butbul (İsrail) olub. Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. İsveçrə Təmsilçisi Nils Stampla dueldən qalib ayrılan Orucov bürünc medal qazanıb.
Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanmışdı.