Rzayev Avropa çempionatının finalında
- 02 İyl 2024 21:10
- 267
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Tural Əhmədov (60 kq) gürcüstanlı Beso Maxaradzeyə 2:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Adam Silverinə (3:4) minimal fərqlə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşdə yunanıstanlı İlias Zairakislə qarşılaşacaq.
Fəraim Mustafayev (67 kq) təsnifat mərhələsində rusiyalı Qrair Oqanesyana 3:5 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Fəraim sabah təsəlliverici görüşdə rumıniyalı İosif Yoneskuyla güləşəcək.
Ruslan Nurullayev (72 kq) yarımfinaladək ukraynalı Maksim Radik, xorvatiyalı Luka İvançiç və finlandiyalı Oliver Pada üzərində 3:1 hesablı qələbə qazanıb. Finalın bir addımlığında litvalı Rokas Çepauskasa 1:5 hesabıyla uduzaraq, titulunu qoruya bilməyən güləşçimiz ümidini bürünc medala bağlayıb.
İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz ermənistanlı Erik Matevosyanla gərgin mübarizə şəraitində keçən yarımfinal qarşılaşmasında da sevinən tərəf olub – 2:1. İsmayıl finalda türkiyəli Alperen Berberlə üz-üzə gələcək.
Mahir Qurbanlı (97 kq) 1/8 finalda polşalı Sebastyan Varxolla bacarmayıb – 2:7.