Cari mövsümün iddialı komandalarından biri də "Sabah"dı.

Rekord.az xəbər verir ki, "bayquşlar" Misli remyer-liqasında keçirdiyi 7 görüşdə 5 qələbə qazanıb, 1 qarşılaşmada məğlub olub, 1 dəfə heç-heçə edib. Hesabında 16 xal olan Masazır klubu turnir cədvəlində 3-cü sırada qərarlaşıb. Sözsüz, "Sabah"ın inkişafının əsas səbəbkarı baş məşqçi Murad Musayevdi. Rusiyalı mütəxəssis gələndən sonra "tələbələr" səviyyəli transferlər edərək oyun tərzini daha da yaxşılaşdırıb.

"Sabah"la bağlı sosial şəbəkələrdə, əsasən də "instaqram"da maraqlı məlumat yayılıb. Təbii ki, bu informasiya transferlə bağlıdı. Deyilənə görə, portəgizli ulduz futbolçu Rikardo Kuarejma "bayquşlar"ın hədəfindədi. Hazırda azad agent olan vingerlə klub rəhbərliyi danışıqlar aparır. İnformasiyanı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq."Sabah" rəsmisi informasiyanın doğru olmadığını bildirdi:
 

“Bu nə birinci, çox güman, nə də sonuncu oxşar xəbərdi. Əvvəllər də sosial şəbəkələrdə buna bənzər informasiyalar yayılmışdı. Buna görə məsələ haqda açıqlama verməyi düzgün saymırıq”. ("futbol plus")