“Sabah yaxşı nəticə qazanmaq üçün çox güc sərf etməliyik” - Qurbanov
- 12 Avq 2024 23:32
- 220
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, tTəcrübəli mütəxəssis Bakıdakı görüşdə fərqli nəticə gözlədiklərini bildirib:
“Bakıda bir az fərqli nəticə gözləyirdik, amma rəqibin təhlükəli olduğunu bilirdik. Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücumlara malik və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq. Çox təcrübəli məşqçiləri var ki, bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər. Bəlkə doğma meydanda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etməyə şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. Sabah yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq”.
Qurbanov komandasının hazırlığına da toxunub: “Hazırlığımız pis keçmədi. Sabah lazım olan nəticəni əldə etmək üçün meydanda sonadək mübarizə aparacaq, vuruşacağıq. Çox istərdim ki, hətta məğlub olsaq belə komanda meydanda yaxşı vuruşa, mübarizə apara bilsin və buna inanıram. Komandanın hazırlığı pis deyil. İdeal formada olduğumuzu deməzdim. Amma oyundan-oyuna daha yaxşı oluruq və buna çalışırıq. Zədəli futbolçularımız Musa Qurbanlı və qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Digərləri sabahkı matça hazırdır”.