“Sabah”ı RFS-lə qarşılaşmalarda nə gözləyir? YAZI
- 22 İyl 2023 13:21
- 839
Premyer-Liqanı 2-ci pillədə başa vuraraq tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sabah” cəmi bir neçə gündən sonra ilk sınağına çıxacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqib Latviya RFS-idi. “Rijskaya Futbolnaya Şkola” və “Riga Football School” 2011-ci ildə yaranıb, 2016-cı ildə “Skonto”nun lisenziyası ığv ediləndən sonra elitaya yüksəlib. 2021-ci ildə Latviya çempionu olmuş, 2019 və 2021-ci ildə həmçinin Latviya Kubokunu qazanmış, hazırda öz çempionatlarında lider “Riqa”dan cəmi 3 xal geri qalan və qızıl medallara ən iddialı iki komandadan biridi. Baş məşqçisi Viktor Moroz, (idman) direktoru isə məşhur Maris Verpakovskidi. Sonuncunu həm Latviya yığmasındakı uğurlu, həm də “Bakı”dakı çox da uğurlu alınmayan (27 oyuna cəmi 3 qol) çıxışından tanıyırıq. Oyunlarını 2 300 yerlik LNK Sports Arenada keçirir. Ötən il Konfrans Liqasının qrupunda oynayıblar, “Fiorentina”, “Harts” və “Başakşehir”in yer aldığı A qrupunda cəmi 2 xal toplayıblar.
“Sabah”ın kiminlə baş-başa gələcəyini görə bilmək, müəyyən təsəvvür yaratmaq üçün ümumi tanışlıq məlumatları bunlardı. Oxşarlıqlar olsa da, ilkin baxış latviyalıların təmsilçimizdən daha təcrübəli olduğunu demək imkanı verir. Bu, ilk baxışdı. Həm də meydanda futbolu tarix və ya tarix müəllimləri yox, futbolçular oynayırlar. Həmçinin də onlardan ən hazır olanları. Bu hissəyə daha diqqətlə baxaq.
Yuxarıda da qeyd etmişdik ki, RFS Latviyanın elitası “Virsliga”da ikinci pillədədi. 3-cü pillədən 18 xal irəlidə olan Morozun yetirmələri, 22 turda rəqib qapılarından 53 top keçirib, öz qapılarında isə cəmi 9 top görüblər, heç bir matçda da məğlub olmayıblar. Yəni Latviyada “Riqa”dan başqa bu komandaya “gözün üstə qaşın var” deyən yoxdu. Ancaq bütün bu statistika nə dərəcədə qorxuducu, bunu müəyyən etmək çətindi. Çünki Latviya çempionatı yumşaq desək, Avropanın ən güclüləri sırasında deyil. Əsas Avropadakı çıxışlardı. Amma istənilən rəqibə yuxarıdan-aşağı baxmaq böyük səhv olardı. Analiz etmək, sonra məntiqli fikirlər yürütmək lazımdı.
Rəqəmlərdən də görünür ki, RFS hücumameylli futbol oynayır, xoşbəxtliyi rəqib qapısında axtarır. İzləmək imkanımız olan matçlarda, həmçinin komandanın daxili çempionatdakı oyunlarının icmallarında “göylər”in qol vurmaq üçün bütün imkanlardan istifadə etməyinə şahid oluruq. Xüsusilə müdafiənin mərkəzində buraxılan səhvlər bağışlanmır, nadir hallarda boşa verilir. Ümumilikdə, rəqib cərimə meydançasının daxilində amansızdılar. Mütəmadi istifadə etdikləri - cinahlardan sürətli keçidlər təhlükəlidi, bu məqamda diqqətli olmaq gərəkdi. Üstəlik, bu keçidlərdən sonrakı asma və ya yerlə ötürmə ən azından qapıya zərbəylə tamamlanır. Əksər hallarda yerlə oynayır, son nöqtəni qoymaq üçün tələsmir, mütləq şəkildə ən əlverişli mövqedə duran oyunçu tapılaraq topu ona çatdıraraq, yalnız sn toxunuşu etmək işini həvalə edirlər. Hər şeydə mükəməllə qaçırlar desək, yanılmarıq. Müəyyən pararlellər aparsaq, bu oyun tərzi “Qarabağ”ınkına oxşayır. Oxşarlıq başqa komponentlərdə də var. Riqalılar da müdafiədən çıxarkən qısa paslarla oynayır, qapıçını meydan oyunçusu kimi oynamağa, hücumu başlatmağa məcbur edir, rəqibi maksimum yaxına buraxaraq yaranan boşluqlardan istifadə etməyə cəhd edirlər. Şahruddin Məhəmmədəliyevin səhvlərini etməyən qolkiperləri bu baxımdan sistemə təkan verə bilir. Digər bir neçə məqamları da nəzərə alsaq, RFS-i “Qarabağ”ın kiçik modeli hesab etmək olar, ancaq potensial və güc baxımından ağdamlıların təxminən 60-65 faizidilər.
Təhlükəli sayılacaq hücum oyunçuları burkino-fasolu Sedrik Kuadio və serb Andrey İliçdi. Afrikalı mərkəz hücumçusu istər başla, istərsə də ayaqla əlinə düşən imkanlardan yaxşı yararlana bilir. Xüsusi texnika ilə seçilmir, ancaq cərimə meydançasında lazımi olan nöqtələrdə peyda olaraq fərqlənməyi bacarır. İliç isə daha təhlükəlidi. Gənc forvard 13 qolla “Virsliqa”nın bombardiridi, komandanı arxasınca daşıyan futbolçudu. Serbiyalı atletikdi, fiziki cəhətdən güclüdü, təkbətək mübarizələri udaraq həm özü, həm də komanda yoldaşlarına şanslar yaratmaqda pərgardı. Cinahlarda isə braziyalı Emerson və digər burkino-fasolu Diomanda çox effektivdilər.
Bəs bunların zəif nöqtəsi yoxdumu? Təbii ki, var. Yuxarıda sadalanan bacarıqlarının Avropa nəhəngləri səviyyəsində olmadığı və bunu adətən özlərinə bab və nisbətən zəif rəqiblərlə oyunda nümayiş etdirə bildiklərini qeyd etmək lazımdı. Ümumiyyətlə, bacarmadıqları iş isə pressinq altında oynamaqdı. Fiziki hazırlıqla və intensiv pressinq edə bilən komanda RFS-i yenə bilər. Mükəmmələ qaçsalar da, xüsusilə arxa xətdə pasla çıxmaq, onu müdafiədən birbaşa hücum xəttinə çatdırmaqda çətinlik çəkirlər, təzyiq altında isə bunu heç bacarmırlar. Məhz bu baxımdan “Sabah” bir, hətta bir neçə addım irəlidədi. Premyer-Liqada şhaidi olduğumuz oyun tərzi RFS-i “futuristlər”ə “rahat yem” edə bilər. Murad Musayevin ön xətdə pressinqi xoşladığı, yetirmələrindən maksimum performansı ortaya qoyaraq topu elə rəqib cərimə meydançası həndəvərində qaparaq qapıya ən qısa məsafədən istifadə etməyi tələb etdiyini bilirik. Hücum, cinah, yarımcinah mövqelərində sürətli, eyni zamanda döyüşkən futbolçuları olan “Sabah”, Latviya təmsilçisinin işini hər iki qarşılaşmanın birinci hissəsində bitirə bilər. Bəli, onu da nəzərə almaq lazımdır ki, Musayevin komandası təlim-məşq toplanışını yenicə başa vurub, fiziki hazırlıq, oyunçuların forması baxımından hələ optimal durumda deyil və üstəlik də, “Virsliqa” davam edir, RFS öz fikiz formasının ən yaxşı vaxtındadı. Ancaq buna baxmayaraq, “Sabah”ın keyfiyyətli futbolçuları, etibarlı və təcrübəli arxa xətti, intensive hücum futbolu, pressinqi yaxşı tətbiq etmək bacarığı heç yerə getməyib, istənilən an tətbiq edilə bilər və ediləcək də.
Bir şey dəqiqdi ki, RFS - “Sabah” qarşıdurması azarkeşlərə gözəl futbol bəxş edəcək. Yuxarıda da qedy etdik ki, komandaların heç biri öz qapısında oturmağı xoşlamır, daima hücuma yönəlir. Bu isə baxımlı oyun deməkdi. Proqnoz versək, 60-40-a “Sabah”a üstünlük ver bilər, Murad Musayevin qələbə, özünü növbəti dəfə sübut etmək istəyinə güvənə bilərik.
Kənan Məstəliyev, "Rekord.az"