"Sabah"ın 5/5-lik məşqçisi danışdı: "Nəticə mənim üçün önəmli deyil" MÜSAHİBƏ
- 24 Okt 2019 17:00
- 1350
“Sabah” klubunun U-14 komandasının baş məşqçisi Elnur Zeynalov Rekord.az saytına müsahibə verib.
- Elnur bəy, öncə başlayaq “Sabah”a gəlişinizdən...
- 16 ildir məşqçi kimi çalışıram. Fəaliyyətimə ilk olaraq Respublika Olimpiya İdman Məktəbində başlamışam. Daha sonra 10 il AZAL klubunda çalışmışam və U-15-dən əvəzedici komandanın baş məşqçisi postuna qədər işləmişəm. Daha sonra “Vətən” Futbol Məktəbində çalışmağa başladım. Sonradan “Vətən”lə “Sabah” klubu əməkdaşlığa başladığından “Vətən”də çalışan əksər məşqçilər də “Sabah”a keçməli oldu. 2017-18-ci il mövsümündə “Vətən” komandasının təmsilçisi kimi Azərbaycan çempionu olmuşam.
- “Sabah”ın U-14 komandası cari mövsümə əla başlayıb: 5 oyun və 5 qələbə. Bu nəticə sizin üçün gözlənilməz olmadı ki?
- Mövsümə favorit kimi başlamışıq. Hədəfimiz də bu imici qoruyub-saxlamaqdır. Bəli 5 oyuna 5 qələbə qazanmaq bizi sevindirir. Təkəbbürlük edib deməzdim ki beş oyuunun hamısından qələbə gözləyirdik. Futboldu, oyuna ciddi yanaşmayanda rəqib də sənə sürpriz edir. Biz də çalışdıq elə edək ki, bu cür sürprizlə qarşılaşmayaq. Bacardığımız qədər çalışırıq ki, əlimizə düşən imkanlardan maksimum istifadə edək. Şadıq ki, maksimum nəticə ilə liderik. Çalışmaq lazımdır ki, qarşıdakı oyunlarda da bu nəticələri davam etdirək. Əsas hədəfimiz uşaqları düzgün yolda istiqamətləndirmək və peşkar futbolçu kimi yetişmələrinə yardım etməkdir.
- 5 oyuna 25 qol vurib cəmi birini buraxmısınız. U-14 liqasında “Sabah” bu qədər güclüdür, yoxsa rəqibləriniz bu qədər zəifdir?
- Mən bunu ilk növbədə komandamızın nizam-intizamlı oynaması ilə bağlayıram. Təbii ki. Digər məqamlar da olur. İmkanlardan maksimum istifadə edirik, qapıçımız da yaxşı oynayır, bəxt amili də olur. Hər şey kompleks şəklindədi. Liqaya gəlincə, U-13 liqasından U-14 liqasına keçidin müəyyən çətinlikləri var. U-13 liqasında oyunlar 9-9 oynanılırsa U-14 liqasında artıq 11-11-ə oynamağa başlayırsan. Elə komandalar var ki, bəzən mövsüm boyu bu keçid dövrünə uyğunlaşa bilmir. Bu yaşda əsas olan iştirakdır. Ola bilsin indi hansısa komanda zəif oynasın, amma 17-18 yaşda həmin komandalardan da güclü futbolçular çıxsın. Qarşıdakı 4 turda bizi ağır oyunlar gözləyir. “Qəbələ”, “Qarabağ”. “Neftçi” PFK və “Neftçi” İSM. Hansı ki hamısı U-14 liqasının favoritləridir. Yəqin ki bizim də əsl gücümüz həmin oyunlarda görünəcək. Bir də komandamız qışda və yayda gürcüstanda keçirilən turnirdə iştirakımız oldu. Hansı ki, oyunlar 11-11-ə sistemi ilə keçirilirdi. Hazırda çempionatda uğurlu çıxış etməyimizdə bu amilin də təsiri var.
- Komanda məşqlərini harada keçir, məşq qrafikiniz, şəraitiniz necədir?
- Məşqlərimizi “Neftçibaza”da keçirik. Şəraitimiz normaldı. Məşq üçün lazım olan bütün avadanlıqlar, inventarlar və formalarla təmin olunuq. Məşqləri saat 16:00-a təyin etmişik ki, həm uşaqlar dərsdən sonra evdə dincəlib məşqə gələ bilsinlər, həm də məşqdən sonra dərslərini hazırlayıb yenə də istirahət etmək üçün vaxtları olsun. Yeganə problem kimi süni örtük amilini qeyd edərdim. Çünki təbii örtüklə süni örtük arasında çox böyük fərq var. Futbolçu, xüsusilə də uşaq komandaları üçün təbii örtük çox vacib amildi. Süni örtüklər uşaqların sağlamlığına zərər vurur. Ama “Sabah” klubu yenin yaranmış klubdur və uşaq futboluan da ciddi fikir verirlər. Bu mənada inanıram ki, gələcəkdə bu problem də aradan qaldırılacaq.
- Komandanızda hansı futbolçuları xüsusi qeyd edərdiniz ki, yaxın gələcəkdə milli komandaya namizəd sayıla bilər?
- İstedadlı uşaqlarımız çoxdur. Hansı ki, gələcəklərinə böyük ümid bəsləyirik. 7 futbolçumuz AFFA-nın təşkil eydiyi elit layihədə iştirak edir. Riad Süleymanov var mərkəz müdafiəçimizdir. Həm fiziki göstəriciləri, həm də oyun planında inkişafına görə seçilir. Anar Cəbiyev, Nurəddin Hüseynbalayev, Xəlil Mürsəlli, Niyazi Osmanov, Məhəmməd Məmmədov, Ömər Yusifli, Teymur Mİrzəyev kimi futbolçularımız var hansı ki, adlarını xüsusi qeyd edə bilərəm. Qapıçımız Fəyyaz Mehdizadəni də xüsusi qeyd edərdim. Hazırda U-14 liqasında ən stabil qapıçıdır, beynəlxalq oyun təcrübəsi də var.
- Baş məşqçi kimi iş prinsipiniz necədir? Hazırda elə məşqçilərimiz var ki, uşaqlarla çox aqressiv davranır, onların üstünə qışqırır, bəzən hətta təhqir də edir...
- Əsas iş prinsipim nizam-intizamdır. Komanda kimi zəif ola, kiməsə fiziki, texniki-taktiki baxımdan uduza bilərsən. Amma nizam-intizam həmişə əsas şərt olub. Rəhbərliyim altında oynamış uşaqlar da bu prinsip onlara da keçib. Fəhmin Muradbəyli, Qara Qarayev kimi milli səviyyəsində olan futbolçularda da bunu görə bilərsiniz. Çalışıram ki, komandada mehribançılıq yaradım. Bu da çox vacibdir. Təbii ki, məşqçi kimi öz oyun taktikam, oyun sistemim var. Eyni zamanda klubumuzun koordinatorlarının tövsiyyələrini də nəzərə alırıq. Çünki hamımızın məqsədi Azərbaycan futboluna layiqli futbolçular yetişdirməkdir. Ola bilər uşaq futbolunda hansısa komanda qızıl medallar qazansın, ama gələcəkdə həmin komandadan milli komandaya heç kim düşməsin. Amma elə komanda da olur ki, nəticə qazanmır, ancaq milli üçün ordan layiqli futbolçular çıxsın. Bu mənada mənim üçün nəticə elə də önəmli deyil. Digər məqama gəlincə, məşqçi uşağın üstünə qışqıra, ona öz iradını çatdıra bilər. Futbol emosianal idman növüdür burada belə məqamlar olur. Amma təbii ki, futbolçunu təhqir etmək, alçatmaq yolverilməzdir.
Anar XANLAROV