“Sabah”ın ÇL oyunları Antalyada baş tutacaq
- 18 İyl 2024 19:00
- 193
Kişi basketbolçulardan ibarət "Sabah" klubu Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarını Türkiyədə keçirəcək.
Rekord.az xəbər verir ki, FIBA yarışın Antalya şəhərində təşkilinə üstünlük verib.
Azərbaycan çempionu I qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. “Norrçepinq Dolfins”ə (İsveç) qarşı görüş sentyabrın 17-də, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Bu cütün qalibi ayın 19-da yarımfinalda “Friburq Olimpik” (İsveçrə) ilə qarşılaşacaq. Görüş saat 17:30-da start götürəcək. Yarımfinalın digər cütünü “Benfika” (Portuqaliya) klubu ilə “Rilski” (Bolqarıstan) – “Nokia” (Finlandiya) oyununun qalibi formalaşdıracaq.
Final matçı sentyabrın 21-nə nəzərdə tutulub. Həlledici oyunun qalibi əsas mərhələyə vəsiqə qazanacaq.
Azərbaycan tarixdə ilk dəfə Çempionlar Liqasında təmsil olunacaq.