“Sabah”ın məşqçisi: “İndiki mövqeyimizdən razı deyilik”
- 31 Mar 2020 16:20
- 616
“Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo Xorvatiya mətbuatına açıqlama verib.
Rekord.az xəbər verir ki, o, Azərbaycan futbolu ilə bağlı fikirlərini bildirib:
“Əvvəllər Azərbaycan futbolu haqqında çox məlumat yox idi, amma indi yaxşı mənada təəccübləndiyimi deyə bilərəm. İki klub keyfiyyət baxımından fərqlənir, bunlar “Qarabağ” və “Neftçi”di. Digər komandalar isə eyni səviyyədədilər. Hazırda çempionatda 8 komanda var, amma növbəti mövsüm 10 olacaq.
Hazırda turnir cədvəlindəki mövqeyimizdən razı deyilik, amma bizdən yuxarıda olan komandalarla xal fərqimiz azdı və məqsədimiz mövsümü üçüncü pillədə başa vurmaqdı. Baş məşqçiyə və mənə burda iş görmək üçün vaxt lazımdı, buna görə də, səbrli olmalıyıq”.
Xorvatiyalı mütəxəssis, koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyət haqqında da danışıb:
“Azərbaycanda çempionat bir müddətdi ki, dayandırılıb. Azı mayın sonuna qədər oynamağın təhlükəsiz olmayacağı ilə bağlı rəsmi məlumat aldıq. İlk günlərdə burda hər şey normal idi. Daha sonra kafe və restoranlar saat 15:00-a qədər işləməyə başladı. Bir müddət sonra isə yalnız market və apteklərin açıq olmasına və insanların evlərini tərk etməməsinə qərar verildi”.