“Sabah”ın sabiq baş məşqçisinə 2 oyunluq cəza
- 18:00
- 40
"Sabah"ın sabiq baş məşqçisi, hazırda Rusiya Premyer Liqası təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev biri şərti olmaqla 2 oyunluq cəzalandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə qərar Rusiya Futbol İttifaqının İntizam Komitəsi tərəfindən qəbul edilib.
Cəzalandırılmaya səbəb mütəxəssisin 18-cu turda "Lokomotiv"lə (0:0) oyundakı davranışı olub. Matça əlavə olunmuş dəqiqələrdə Musayevə hakimin qərarı ilə nümayişkəranə şəkildə razılaşmadığına görə xəbərdarlıq edilib. Daha sonra o, köməkçi hakimə nalayiq ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.
"Krasnodar" hazırda 39 xalla turnir cədvəlinə başçılıq edir. Komanda 2025-ci il martın 2-də "Krılya Sovetov"la qarşılaşacaq.
40 yaşlı rusiyalı mütəxəssis 2021-2024-cü illərdə "Sabah"ı çalışdırıb.