“Sabah”la “Zirə”nin 6-cı dueli
- 22 Okt 2019 18:20
- 885
“Zirə” Azərbaycan Premyer Liqasında növbəti oyununu noyabrın 26-da keçirəcək.
Rekord.az xəbər verir ki, mövsümün 2-ci dövrəsinə ardıcıl iki səfər matçı ilə başlamalı olan “qartallar” bu dəfə “Sabah”la üz-üzə gələcək. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan rəqiblə oyun iki komanda arasında 6-cı qarşılaşma olacaq.
“Zirə” “Sabah”la ilk dəfə ötən mövsümdə görüşüb. Debütantla ilk üç matçda uduzan komanda mövsümün son görüşündə rəqibinə böyükhesabla qalib gəlib. Cari mövsümün 3-cü turundakı qarşılaşmada heç-heçə edən “Zirə” iki oyundu rəqibinə uduzmur.
Çempionat çərçivəsində baş tutan bu beş görüşdə 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyəti olan “qartallar” rəqib qapısından 5 top keçirib, 7-ni buraxıb. “Zirə”nin qollarına 4 futbolçu imza atıb. Xulio Sezar Rodriqes iki, digər üç oyunçu hərəyə bir dəfə fərqlənib.
“Zirə” üçüncü dəfə “Sabah”ın qonağı olacaq. Zirədəki oyunlarda iki qol vurulursa, səfər görüşlərinin hər birində üç top qeydə alınıb. İlk səfər oyununda 1:2 hesabı ilə uduzan qəsəbə təmsilçisi yeganə qələbəsini də “Sabah”ın meydanında əldə edib. “Zirə”nin 2 səfər oyununda 1 qələbə və 1 məğlubiyyətə təsadüf olunub. Top fərqi də “qartallar”ın xeyrinədir – 4:2.
Qeyd edək ki, “Sabah” – “Zirə” oyunu oktyabrın 26-da “Bank Respublika Arena”da keçiriləcək. Matç saat 18:00-da başlayacaq.