Qadınlardan ibarət sablya üzrə milli komandamız Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.

Rekord.az xəbər verir ki, yarışın ilk günündə şəxsi yarışda təsnifat mərhələsinin görüşləri keçirilib. Təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova final mərhələsinə yüksəlməyi bacarıblar.

Qrup mərhələsini adlayan Səbinə Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən ilk görüşdə Rusiya təmsilçisi Valeriya Kobzevaya 15:10, ardınca isə fransalı Margo Gimalaca 15:13 hesabı ilə qalib gəlib.  

Sevil Bünyatova isə qrupda qazandığı qələbələrin sayına görə əsas mərhələyə yüksəlmək uğrunda cəmi bir görüş keçirib. Sevil Mariella Vialeyə (İtaliya) 15:5 hesabı ilə qalib gələrək minimum vəzifənin öhdəsindən gəlib.

Yanvarın 16-da keçiriləcək əsas mərhələnin görüşlərində Sevil Bünyatova Teodara Kaxiani (Gürcüstan), Səbinə Kərimova isə Olqa Nikita (Rusiya) ilə qarşılaşacaq. Birbaşa finaldan mübarizəyə qoşulacaq Anna Başta Lusia Martini (İspaniya) sınağa çəkəcək.

Digər təmsilçilərimizdən Zərifə Hüseynova və Palina Kaspiaroviç pley-offda, Aysel Əhədova isə qrup mərhələsində mübarizəni dayandırıb.