Sadə riyaziyyat və ya biz nə vaxta qədər Estoniya üzərinə qələbəyə sevinəcəyik? YAZI
- 17 Okt 2023 12:40
- 541
UEFA-da 55 ölkə üzvdü və AÇ-nin seçmə mərhələsində, Millətlər Liqasında iştirak edirlər.
Bunlardan aşağıdakı 10 komanda konkret aşağı səviyyəlidi, onları üstələmək bizim az qala minimum tapşırığımız olmalıdı.
- Cəbəllüttariq, San-Marino, Malta, Lixtenşteyn, Andorra, Litva, Estoniya, Farer Adaları, Şimali İrlandiya, Moldova...
Yuxarıda sadalananlardan türklər demiş, “bir tık” yuxarı olan, amma yenə də gücümüzü ortayaq qoyub üstələmək iqtidarında olduğumuz komandalar isə aşağıdakı 8-likdi
- Latviya, Gürcüstan, Ermənistan, Belarus, Qazaxıstan, Lüksemburq, Kipr, Kosovo...
Daha 1 hazır “yem” siyasi məsələlərə görə qıraqda qalan şimal qonşumuzdu.
- Rusiya...
Elədi 19 komanda.
55-19=36
AÇ-də neçə komanda iştirak edir? Almaniya ilə birlikdə 24.
36-24=12
Daha 13 (8+5) komandanı yazıram
- Çernoqoriya, Bolqarıstan, İrlandiya, İsrail, Bosniya və Herseqovina, Finlandiya, Şimali Makedoniya.
- Yunanıstan, Norveç, İsveç, İslandiya, Slovakiya.
İndi sual verirəm sizə yuxarıda adlarını çəkdiyim 32 ölkə yığmasının hansı o qədər dəhşətlidi ki, biz onlarla meydana çıxanda ayaqlarımız əssin? Ayrı-ayrılıqda bəlkə də hamısıyla oynamışıq, görmüşük ki onların da iki ayağı, iki əli, bir başı var. Mən İspaniyada yaşamıram, mən də bu ölkədəki futbolun fiasko durumunda olduğunu bilirəm. Amma bu bizə bu komandalara qarşı futbol oynamağa cürət etməməyə imkan vermir. Mən nə vaxta qədər müdafiədə otura-otura, qorxa-qorxa məğlub olacam? Olmaz ki, futbol oynayaq məğlub olaq? Olmaz ki, heç olmasa bir dəfə daha böyük iddiaya cəhd edək?
Yəni Lüksemburq qədər yoxuq?
Yəni biz Millətlər Liqası yolu ilə də qrupdan çıxıb vəsiqə qazanmırıqsa, onda bu yarışa niyə qoşuluruq?
“Qarabağ” 15 ildi bizə göstərmirmi ki, rəqibdən qorxmaq lazım deyil, ona hörmət edib futbol oynamaq lazımdı?
Estoniya üzərində qələbəyə böyük işmiş kimi sevinənlərin nə keçmişi var, nə də gələcəyi. Onlar bu ölkəyə, onun sabahına qarşı çıxan, bitmiş, məğlub düşüncəli, əbədi məğlub şəxslərdi. Onlarla heç bir uğur, heç bir qələbə qazanmaq mümkün deyil. Hamısı tarixin yaddaşına göndərilməli, bir daha oradan çıxarılmamalıdılar.
Son 15 ilin ən güclü, zor-bəla ilə yetişən, gətirilən, toplanılan heyətinin potensialını bu qədər məsuliyyətsizcə xərcləmək xəyanətdən başqa şey deyil.
Kənan Məstəliyev, Rekord.az