Şahin Bağırov Düsseldorfda millimizlə görüşdü - Foto
- 17 Avq 2023 21:01
- 709
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi qitə birinciliyində millimizin qrup oyunlarının keçirildiyi Almaniyanın Düsseldorf şəhərindədir. "Rekord.az" xəbər verir ki, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvü Elqar Bağırov və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri komandamızın bugünkü məşqində olublar.
Məşqdən öncə federasiya rəhbərliyi voleybolçularımız və məşqçilər korpusu, eləcə də digər nümayəndə heyəti ilə görüşüb. Onlara komandanın hazırkı vəziyyəti və oyunçularımızın səhhəti ilə bağlı məlumat verilib. Bildirilib ki, komandada əhval-ruhiyyə yüksəkdir və ciddi zədələr yoxdur, voleybolçularımız yarışa tam hazırdırlar.
Şahin Bağırov millimizə sabah keçiriləcək ilk qarşılaşmada və bütün oyunlarda uğurlar arzulayıb. Azarkeşlərin də səbirsizliklə yarışın başlanmasını gözlədiyini deyən Ş.Bağırov bildirib ki, həm federasiya, həm də bütün voleybol sevərlər oyunçularımızı dəstəkləyir və hər zaman komandamızın yanındadırlar.
Sonra federasiya tərəfindən voleybolçularımıza surpriz olaraq hazırlanan millimizə həsr olunmuş “Çempion” adlı mahnı səsləndirilib. Bundan başqa, AVF rəhbərliyi günün əvvəlində də voleybolçularımıza surpriz edərək onlara gül dəstələri hədiyyə edib.
Daha sonra federasiya rəhbərliyi yığmamızın "Castello Düsseldorf" arenasındakı məşqini izləyib.
Qeyd edək ki, millimiz yarışda mübarizəyə sabah başlayacaq. Avqustun 18-də baş tutacaq ilk oyunumuzda rəqib Çexiya yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.