Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığma komandalarımızla görüşüb. "Rekord az" xəbər verir ki, federasiyada təşkil olunan görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.

Çıxış edən Ş.Bağırov ilk olaraq qızlardan ibarət yığmamızın oyunçularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var. Qeyd edib ki, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyəti də məhz qadın voleybolçularımızın adı ilə bağlıdır. AVF rəhbəri, həmçinin qadınlardan ibarət əsas millimizin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçularımızı və federasiyanın xanım əməkdaşlarını 8 mart münasibətilə təbrik edib.

Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan Ş.Bağırov belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandamızın yarışda uğurlu çıxış edəcəyinə inamını ifadə edib. 

Daha sonra komandaların hazırlıq prosesi ilə tanış olan Ş.Bağırov hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalarımıza uğurlar arzulayıb.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.