Azərbaycan Voleybol Federasiyasının (AVF) illik hesabatına həsr olunmuş mətbuat konfransı keçirilib. "Rekord.az" xəbər verir ki, qurumun prezidenti Şahin Bağırov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. AVF-nin il ərzindəki fəaliyyəti haqqında qısa məlumat verən Ş.Bağırov bu il ölkəmizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində bir çox işlər görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, cari ildə paytaxtla yanaşı, bölgələrdə də voleybolun inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib və federasiya bu işləri davam etdirir.
Daha sonra Ş.Bağırov Azərbaycanın qadın voleybolçulardan ibarət millisinə Faiq Qarayevin baş məşqçi təyin olunduğunu söyləyib. Qeyd edib ki, bu məsələ nazirliklə birgə müzakirə olunaraq müvafiq qərar qəbul olunub. Hər zaman federasiyaya dəstək göstərən Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. Təcrübəli mütəxəssisin rəhbərliyi ilə millimizin əvvəlki illərdə olduğu kimi yenə uğurlu nəticələr qazanacağına əminliyini bildirib, ona bu işdə uğurlar arzulayıb.