Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi bu gün Oğuz Olimpiya İdman Kompleksində olub. "Rekord.az" xəbər verir ki, AVF-nin prezidenti Şahin Bağırov, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və digər qonaqlar burada Oğuzdan və Şəkidən olan yeniyetmə voleybolçuların məşqini izləyiblər.

Uşaq voleybolunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan Ş.Bağırov burada idmançılara yaradılan şəraitlə yaxından tanış olub, uşaqlarla maarifləndirici söhbət aparıb və onlara professional voleybolçu olmaq yolunda ciddi çalışmalarını tövsiyə edib.

Ölkə üzrə keçiriləcək yarışların sayının artırılacağını deyən qurum rəhbəri müxtəlif regionlardan olan voleybolçularla belə yarışlarda görüşəcəklərini vurğulayıb. Ölkə birinciliklərində region komandalarının da iştirakının vacibliyini bildirən Ş.Bağırov Oğuz rayonunun Yüksək Liqada təmsil olunmasını da məsləhət görüb.