Şahmat Federasiyasına yeni baş katib təyin olundu
- 26 Noy 2021 18:20
- 660
Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.
Rekord.az xəbər verir ki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib.
O, bu postda Faiq Həsənovu əvəzləyib. Faiq Həsənov federasiyada 1-ci vitse-prezident olub.
Qeyd edək ki, Mahir Məmmədov bu gün AŞF-nin yeni prezidenti seçilib. O, Milli Bankın rəhbəri olan Elman Rüstəmovu əvəz edib.
Bu gün həm də Sloveniyanın Çatej şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış qadın şahmatçılardan ibarət Azərbaycan millisi mükafatlandırılıb. Mükafatlandırma Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Eyni zamanda öz taxtasında birinci yeri tutan kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov təltif olunub. Onların hər birinə pul mükafatları təqdim edilib və gələcək yarışlarda uğurlar arzulanıb.
Xatırladaq ki, yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparıb.