Şahmat Federasiyasının prezidenti Nicat Abasovun çıxışını dəyərləndirdi
- 08 Apr 2024 19:15
- 216
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasovun çıxışını dəyərləndirib.
Rekord.az AŞF-nin rəsmi saytına istinadən xəbər verir ki, qurum rəsmisi N.Abasovun uğur qazanacağına əminliyini ifadə edib: “İcraiyyə Komitəsinin iclasında şahmatçımızın zəngin hazırlıq mərhələsində iştirakı qeyd olundu. Artıq onun məşqçilərinin adı sirr deyil. Nicatla birgə Torontoya yollanan Şəhriyar Məmmədyarov sekundant-məşqçi kimi Nicata dəstək olur. Hazırlığa istedadlı şahmatçımız Abdulla Qədimbəyli də cəlb olunmuşdu. Dünyanın aparıcı şahmat mütəxəssisləri Vladimir Çuçelov və Boris Qelfand kimi şahmatda tanınan adlar Nicatın hazırlığında iştirak ediblər”.
M.Məmmədov tanınmış mütəxəssislərin Bakıya səfəri barədə danışıb: “İlk növbədə Azərbaycanda da təcrübəli məşqçilərin olduğunu qeyd etməliyəm. Yaxşı məşqçilərimiz olmasaydı, bu sayda istedadlı şahmatçılar inkişaf etməzdi. Bununla yanaşı, dünya şahmat təcrübəsi bizə çox vacibdi. Vladimir Çuçelov və Boris Qelfand kimi mütəxəssislərin ölkəmizə səfəri sıradan hadisə deyil. Nicat Abasovun hazırlıq dövrünə təsadüf etdiyi üçün həm onunla təlim-məşq toplanışında iştirak etdilər, həm də gənclərə seminarlar, təkbətək məşğələlər keçirildi. Mütəxəssislərin ikinci səfəri zamanı verilən tapşırıqlara əməl olunması yoxlanıldı, o cümlədən hazırlığın monitorinqi aparıldı. Hazırda Qelfand və Çuçelov şahmatçılarımızla məşqləri həm onlayn, həm də əyani şəkildə davam etdirirlər”.
O, İcraiyyə Komitəsinin iclasında müzakirə edilən məsələlərə toxunub: “İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclasında mühüm məsələlər müzakirə edildi. İlk növbədə növbəti konfransın mayda keçirilməsi barədə razılığa gəldik. Gələcəkdə yığmaların tərkibinin müəyyənləşməsində Azərbaycan çempionatında iştirakın vacib hesab edilməsiylə bağlı müzakirə oldu. AŞF rəhbərliyi növbəti illərdə bütün aparıcı şahmatçıların ölkə çempionatında iştirakına nail olmağa çalışır. 2025-ci ildən milli komandaların formalaşmasında Azərbaycan çempionatında iştirak amilinin əsas götürülməsini istəyirik. Sözsüz, şahmatçının beynəlxalq yarışlarda uğurlu iştirakı, reytinqi də vacibdir. Amma ölkə çempionatında mübarizə aparması da əsas amillərdən biri olacaq. İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırılması məsələsi geniş müzakirə olundu. Vacib məsələlərdən biri İcraiyyə Komitəsi üzvlərinin federasiyanın komissiyalarının işində iştiraka cəlb olunması idi. Hər bir üzvə müəyyən sahəni həvalə etdik, bundan sonra komissiyaların işi kurasiya olunacaq və birgə çalışacaqlar".
AŞF rəhbəri federasiyanın nəzdində fəaliyyət göstərən Şahmat Akademiyası barədə də məlumat verib: “Ölkəmizin gənc istedadlı şahmatçılarının hazırlığını düzgün istiqamətləndirmək üçün federasiya nəzdində Şahmat Akademiyasının yaranması barədə elan verildi. Akademiyanın işinə böyük ümidlər var. Burada Azərbaycanın tanınmış məşqçiləri müxtəlif yaş kateqoriyalarında gənclərlə təcrübələrini bölüşürlər. Fərqlənən şahmatçıların yarışlarda iştirakını təmin etmək barədə düşünürük. Ümumiyyətlə, şahmatçılara ustalığını artırmaq üçün dövlət və federasiya tərəfindən lazımi şərait yaradılır. Şahmatçılarımızın həm ölkədə keçirilən, həm də beynəlxalq turnirlərdə iştirakı təmin olunur. Azərbaycan çempionatının mükafatçıları dünya və Avropa çempionatlarına ezam edilir. Bundan əlavə, müəyyən reytinqə malik şahmatçıların kommersiya turnirlərində iştirakına maliyyə ayrılır”.