Şahruddinin səhvləri "Qarabağ"a 27 milyon zərər vurub! RƏQƏMLƏR
- 27 İyl 2023 16:13
- 1597
Şahruddinin səhvləri "Qarabağ"a 27 milyon zərər vurub!
Şahruddin Məhəmmədəliyevin dünənki matçdakı kobud səhvləri böyük ictimai qınağa rəvac verdi. Qolkiperin adi epizodlarda komandanı çətin vəziyyətdə qoyması, qələbədən etməsi ciddi problemlər yaradıb. Həm də "Şah"ın bu səhvləri birinci dəfə etmədiyi, sistematik hal aldığı, amma buna görə cəzalanmadığı qeyd olunub.
Tənqidlər öz yerində. Emosiyaların olması, insanların hisslərlə davranmasını başa düşmək olar. Bəs faktiki zərər nədi? Şahruddin Məhəmmədəliyevin son 2 ildə yol verdiyi kobud, birbaşa nəticəyə təsir edən səhvləri maddi olaraq nə qədər zərərə başa gəlib, klub nə qədər maliyyə itirib?
Detallı baxaq, hesablayaq.
1.
25 noyabr 2021-ci il.
"Qarabağ" - "Omoniya" (Kipr) 2:2
Konfrans Liqası. H qrupu.
90-cı dəqiqədə 10 nəfərlə qalan kiprlilərin forvardı Xordi Qomesin meydanın mərkəzindən qol vurur. Şahruddinin kobud səhvi var. Etibarlı mənbənin verdiyi məlumata görə, oyundan öncə baş məşqçi "Qomes uzaqdan zərbələr vurur, qabağa çıxma" tapşırığını verib. Amma Şah buna riayət eləməyib. Nəticədə xal itkisi və qrupu 1-ci bitirmək perspektivinin minimuma enməsi.
KL-də qrupda qələbəyə verilən pul: 500 min avro.
KL-də qrupda bərabərliyə verilən pul: 166 min avro.
Faktiki itki: 334 min avro.
KL-də qrup liderliyi üçün mükafat: 650 min avro.
KL-də qrupda 2-ci olmağa görə mükafat: 325 min avro.
İtki: 325 min avro.
Əlavə olaraq
Birbaşa 1/16 finala çıxış bonusu: 600 min avro.
Nokauta (pleyf-off) çıxış bonusu: 300 min avro.
İtki: 300 min avro.
Bir səhvin başa gəldiyi toplam itki: 959 min avro.
* * *
2.
23 avqust 2022-ci il.
"Viktoriya" (Çexiya) - "Qarabağ" 2:1.
Çempionlar Liqası. Pley-off.
Şahruddin "məhşur" qabağa çıxışını edir, meydan sahibləri rahat fərqlənərək qələbənin təməlini qoyurlar. Nəticədə "Qarabağ" Çempionlar Liqasının yox, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır.
Çempionlar Liqasının qrupuna vəsiqə üçün mükafat: 15 milyon 640 min avro.
Avropa Liqasnın qrupuna vəsiqə üçün mükafat: 3 milyon 630 min avro.
Faktiki itki: 12 milyon 10 min avro.
* * *
3.
27 oktyabr 2022-ci il.
"Nant" (Fransa) - "Qarabağ" 2:1
Avropa Liqası. G qrupu.
Şahruddin səhv ötürməylə topu rəqibə verir və fransızlar qol vuraraq qələbə üçün böyük üstünlük qazanırlar (O qol olmasaydı, oyun bərabərlik bitə bilərdi. Bəli, futboldu, öncədən proqnozlaşdırmaqolmur, amma reala yaxın durum məhz belə idi). Nəticədə "Nant" qrupda 2-ci olaraq Avropa Liqasının pley-offuna, "Qarabağ" isə 3-cü olaraq Konfrans Liqasına vəsiqə qazanır.
Avropa Liqasında qrupda bərabərlik üçün mükafat: 210 min avro.
İtki: 210 min avro.
Avropa Liqasının qrupunda 2-ci olmaq üçün bonus: 550 min avro.
Avropa Liqasının pley-offuna (nokaut) çıxış üçün əlavə bonus: 500 min avro.
Konfrans Liqasının pley-offuna çıxış üçün bonus: 300 min avro.
İtki: 750 min avro.
Toplam itki: 960 min avro.
* * *
4.
26 iyul 2023-cü il.
"Rakuv" (Polşa) - "Qarabağ" 3:2.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi.
Kobud səhvlərlə yadda qalan Şah "Qarabağ"ı faktiki qələbədən etdi.
Bu səhvlər nəticəsində komanda turu keçə bilməsə 380 min avro itirəcək.
Bu günə olan itki ehtimalı: 380 min avro.
* * *
Beləliklə, son 2 ildə Şahruddinin kobud səhvləri nəticəsində klub 14 milyon 309 min avro faktiki itki edib. Növbəti mərhələlərdə qazanılacaq qələbələr, daha böyük klublarla oyunlardan əldə edilə biləcək digər mümkün gəlirləri heç saymıram. Adicə ötən il "Barselona", "Bavariya" və "İnter"li qrupda oynamağın nə demək olduğunu izah etməyə ehtiyac yoxdu.
Həmçinin Məhəmmədəliyevin digər, səhv etdiyi, amma komandanın müsbə nəticə qazanaraq unutdurduğu oyunları da bura aid edilməyib.
Son nəticə:
14 milyon avro. Təxminən 27 milyon manat.
Çox böyük rəqəmdi. Nəticə çıxarmaq, bu nəticəyə səbəb olanı çıxarmaq lazımdı.