Sakin Məmmədzadə: “Xəzər Lənkəran” coşqusunu geri gətirmək lazımdır"
- 24 Apr 2024 11:52
- 488
Bir neçə gün əvvəl Azərbaycan futbolunda özünəməxsus yeri olmuş, fəaliyyətini dayandırmasına baxmayaraq hələ də haqqında danışılan, yaddaşlardan silinməyən “Xəzər Lənkəran”ın 20 yaşı tamam olurdu. Çox sayda paylaşımlar edildi, klub haqqında bir söhbətlər edildi, xatirələr bölüşüldü. Biz də bu xətti davam etdirərək, klubun quruculuğunda iştirak etmiş şəxslərdən biri, Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə ilə danışmaq qərarına gəldik.
Təcrübəli futbol adamı ilk öncə klubun yarandığı dövr və həmin dövrdəki fəaliyyəti haqda danışdı: “Lənkəranın futbol tarixi qədimdir. Keçmiş SSRİ-də bu şəhərin bir sıra klubları müxtəlif yarışlara qatılıb. 1992-ci ildə Azərbaycanın ilk müstəqil milli çempionatı başladı və onda da Lənkəranın “Xəzər” komandası mənim təşəbbüsümlə yaradılmış, çempionatda iştirak etmişdi. Sonra uzun fasilələr yarandı. 2004-cü ildə Mübariz Mənsimov yenidən Lənkəran futboluna nəfəs vermək qərarına gəldi və “Xəzər-Lənkəran”ı yaratdı. O zaman klubun formalaşması, uşaq futbolu və s. təkliflərim var idi və bu təkliflərlə bağlı da bir tanıdığım adamla söhbətlərimiz olmuşdu. Bilmirdim ki, bu adam da Mənsimova yaxın adamdır və elə oldu ki, həmin bu ümumi ortaq tanışımız məni də onlarla tanış etdi, layihə və təkliflərimi bölüşdüm, dəstəklədilər, təklif etdilər ki, mən də klubla birgə işləyim, kluba dəstək olum. Razılaşdım və bir neçə il orada çalışdım. Klubdakı insanlarla işləmək xoş idi. Sonradan təkcə “Xəzər Lənkəran”a yox, ümümi Azərbaycan və cənub futboluna da dəstək olmalıyam. Klubdan ayrıldım və Cənub Regional Futbol Federasiyası prezidentliyinə namizədliyimi irəli sürdüm və seçildim. Bundan sonra da “Xəzər Lənkəran”la əməkdaşlığımız davam etdi birgə bir çox layihələri həyata keçirdik.
Məmmədzadə komandanın ilk günlərini belə xatırlayır: “O dönəmlərdə Lənkəranda qısa müddətdə stadionun bərpa işlərinə başlandı. Hətta tikinti gedə-gedə də meydançada məşqlər gedirdi. Buna sevinirəm ki, mənim də o klubda bu işlərlə bağlı rolum və dəstəyim olub”.
Sakin bəy “Xəzər Lənkəran”ın çempionata qayıtması haqda fikirlər bunları deyib: “Mətbuatda klubun bərpa olunması, qayıtması ilə bağlı xəbərləri biz də görürük. Ümid edirəm ki, deyilənlər doğru çıxar. Cənub futbolu, onun inkişafı üçün bu çox vacibdi. Məncə, həm Azərbaycan futbolu “Xəzər Lənkəran”, həm də Lənkəran azarkeşləri klub və böyük futbol üçün çox darıxıb. Hesab edirəm ki, Azərbaycan futbolununun inkişafı, rəqabət üçün “Xəzər Lənkəran” coşqusunu geri gətirmək lazımdır. Rəqabət olan yerdə inkişaf da olacaq. Ölkədə bütün sahələrdə inkişaf prosesi davam edir və bunun davamı olaraq futbol da inkişaf etməlidir. Yarananda AFFA-nın strukturunda cəmi iki-üç bölmə vardı, indi dünya və Avropa səviyyəsinə uyğun struktur formalaşır. Bu yaxınlarda qurumda prezident dəyişikliyi də olub. AFFA-nın strukturlarının gələcəkdə sadəcə paytaxtda mərkəzləşməməsi və digər regionlarda yaranmasını tövsiyə edir, futbolumuzun inkişafına yol açmaqla yeni mərhələyə qədəm qoymasını istəyirəm.