2018-ci ilin son günlərində AFFA-nın rəsmi saytında Milan Obradoviçlə bağlı məlumat paylaşıldı. Həmin məlumatda qeyd olunurdu ki, serbiyalı mütəxəssis Milan Obradoviç U-21-in baş məşqçisi vəzifəsinə əsas namizəddi. Obradoviçin namizədliyinin AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində irəli sürdüyü vurğulanır, bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə serbiyalı mütəxəssislə müqavilə imzalanacağı qeyd olunurdu. Sonda xüsusiylə qeyd olunurdu ki, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən Milan Obradoviçə həvalə olunacaq.


Bütün bunları boşuna xatırlatmıram. Xəbərin əvvəlində Obradoviçin namizədliyinin Məşqçilər Komitəsiylə baş katibliyin birgə fəaliyyəti nəticəsində irəli sürüldüyü beyinlərə yeridilir. Yəni ki, axtarışlara Elxan Məmmədov və onun komandası qoşulub. Amma sonra cənab Məmmədov yaxasını kənara çəkir, müqavilənin Məşqçilər Komitəsinin təqdimatı əsasında imzalanacağı açıqlanır. Bu da əbəs yerə deyil. Əvvəllər də Elxan bəyin oxşar manevrlərini görmüşük. Foqtsla, Prosineçkiylə, Yurçeviçlə bağlı gördüklərimizi unutmamışıq ki. Təqdimat mərasimində, uğurlu nəticələr zamanı sinəsini irəli verir, özündən qəhrəman düzəldir. Elə ki, valın o biri üzü “oxumağa” başlayır, qəmgin notların müşayiəti ilə məğlubiyyətlər sıralanır, cənab Məmmədov da yaxasını kənara çəkir. Əsas millinin əcnəbi baş məşqçinin məsuliyyəti İcraiyyə Komitəsinin üzərində olur, U-21 yığmasının nisbətən yüngül yükü isə Məşqçilər Komitəsinin üzərinə atılır.
Çox keçməz ki, az əvvəl vurğuladığım məqamın Məşqçilər Komitəsiylə bağlı hissəsi dövriyyəyə buraxılacaq. Çünki Milan Obradoviçin məharəti üzə çıxmaqdadı. Yaxşı xatırlayıram, U-21 millimiz Obradoviçin rəhbərliyi altında ilk oyununu Antalyada “Spartak”ın əvəzedicilərinə qarşı keçirmişdi. Qolsuz başa çatan qarşılaşmadan sonra serbiyalı məşqçi bəhanə boxçasının ağzını açmış, yağışlı havadan, küləkdən şikayətlənməyə başlamışdı. Guya ki, Antalyada yağış yağmasaydı, külək əsməsəydi, bizimkilər rusların “xalq komandası”nın gənclərinin daşının-daş üstündə qoymayacaqdı.


Milan Obradoviçin Azərbaycandakı illik qazancı təkzib olunmayan məlumatlara görə, 350 min dollardı. Bizim pulla təxminən 600 min manat. Serbə ildə yarım milyondan çox pul veririk, o da əvəzində bizi uduzdurmağa davam edir. Özü də Obradoviç U-21-də çalışan yeganə əcnəbi deyil. Onun həmyerliləri Vladimir Kozul və Draqoslav Poleksiç də AFFA-nın səxavətindən yararlanır. Serbiyalı “üçlü” bizə nə qazandırıb? Dünən gürcülərə uduzan U-21 millimiz 2-ci qrupda 6 xalla 5-ci yerdə qərarlaşıb. Slovakiyanı Bakıda məğlub etməyimiz də Obradoviçdən daha çox Şimali Makedoniyadan olan hakimlərin “zəhməti” sayəsində mümkün olmuşdu. Deməli, iki il ərzində Obradoviçə 700 min dolları Lixtenşteyni Bakıda udmaqdan ötrü vermişik. “Cırtdanlar”a səfərdə uduzanda da U-21-in baş məşqçisi Obradoviç idi.


Loru dillə desək, serbiyalı xımır-xımır pulunu alır və bizi uduzdurmağa davam edir. Daha uduzmaqdan ötrü xərcə niyə düşürük? Onsuz da Elxan Məmmədov sudan quru çıxıb, yaxasını kənara çəkəcək, məsuliyyət Məşqçilər Komitəsinin üzərində qalacaq. Qoyun elə U-21-i də elə Məşqçilər Komitəsinin üzvləri çalışdırsın, heç olmasa, pulumuzu serblər yeməsin!